“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hər səfəri tarixi əhəmiyyət kəsb etməklə yanaşı, cəmiyyətimizi da olduqca sevindirən bir hadisədir. Çünki cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi Azərbaycan xalqı əsl dostlarını tanıdı. Bu baxımdan da həm Şuşaya ilk səfər edən, həm də Füzuli Beynəlxalq Hava Limanına təyyarəsi enən də ilk xarici dövlət başçısı məhz Ərdoğan oldu”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, müharibədən sonra Ermənistandan sabit mövqe əks etdirən mesajlar almamışıq:
“Belə ki, yürütdüyü diqtə siyasəti ilə xarici havadarlarının ağzına baxan və onların havasına müvafiq şəkildə oynayan Ermənistanın ipləri öz əlində deyil. Bu baxımdan da düşünürəm ki, səfər, orada səsləndirilən fikirlər həm də regional və regiondan kənar yerləşsələr də burada siyasi və iqtisadi maraqları olan aktorlara verilən mesajlar baxımından mühüm əhəmiyyət kəsb edir”.
Politoloq qeyd edib ki, Füzuli Beynəlxalq Aeroportunun açarlarının həm Prezident Əliyevə, həm də Prezident Ərdoğana verilməsi o demək idi ki, Qarabağın da, bundan sonrakı məsələlərin həllinin də açarı heç kimdə yox, bizdədir:
“Ərdoğanın nitqində isə bir xüsusi məqam var idi ki, bundan sonra hadisələri kiçik hesablara və daxili, siyasi oyunlara qurban verməyək. Yəni, bu cür mənfi addımlar nəticədə onsuz da reallaşdırılacaq və baş tutacaq işlərin qarşısını almayacaq, sadəcə gecikdirəcək ki, itirən də qarşı tərəf olacaq. Bəli, açar bizim əlimizdədir, lakin biz qapılarımızı qıfıllamırıq, əməkdaşlığa da, normal qonşuluq münasibətlərinə də hazırıq, açığıq. Burada isə sikkənin bir digər üzü də var. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Yəni, Ermənistan hiyləgər, revanşist siyasətdən əl çəkməli, səmimi münasibət, konstruktiv mövqe ortaya qoymalıdır. Hal-hazırki situasiya Ermənistanın əlinə düşmüş tarixi şansdır və bundan yararlanmalıdır. Çünki Ərdoğanın da bildirdiyi kimi bölgədə atılan addımıar, reallaşdırılan layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Müharibənin başa çatmasının bir ili tamam olmamış dünya standartlarına cavab verən beynəlxalq standartlı bir hava limanının tikilməsi Azərbaycan dövlətinin gücündən, onun liderinin qətiyyətindən, mükəmməl idarəçilik qabiliyyətindən və xalqımızın Vətən, torpaq sevdasından qaynaqlanır”.
//Gülnarə Abasova, Editor.az

