Rusiya-Ukrayna müharibəsi ilə gündəmdən düşməyən ərzaq böhranı illərdir aclıqla mübarizə aparan ölkələrin vəziyyətini daha da pisləşdirib.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Oxfam-ın Avropa Birliyinin Qida Mütəxəssisi Hanna Saarinen deyib.
Müharibə, quraqlıq, artan xərclər və ölkələrin proteksionist siyasəti ərzaq böhranı məsələsini bir müddət də gündəmimizdə saxlamağa davam edəcək. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ərzağa çıxışda yaşadığı problemlər uzun illər aclıqla mübarizə aparan ölkələrdəki böhrana kölgə salır. İngiltərədə yerləşən 90 ölkədə fəaliyyət göstərən beynəlxalq yardım təşkilatı Oxfam-ın Avropa Birliyi Qida Mütəxəssisi Hanna Saarinen qiymətlərin artmasının bütün qlobal qida sistemi üçün fəlakət olduğunu deyib. Onun sözlərinə görə, hətta Rusiya və Ukraynadakı vəziyyət də uzun illər aclıqla mübarizə aparan ölkələrə gözlənildiyindən daha çox təsir edir. Aclıq səviyyəsi yüksək olan bəzi ölkələr buğdalarının əhəmiyyətli bir hissəsini Ukrayna və ya Rusiyadan idxal edirdilər.
“Biz başa düşürük ki, hökumətlərin yardım büdcələri məhduddur və onlar çətin seçimlər etməlidir, lakin biz yaradıcı olmalıyıq. Aclıq siyasi uğursuzluqdur, ancaq bizim aclığa son qoymaq üçün vasitəmiz var. Kasıb ölkələrdə yaşayan insanlar zəngin ölkələrdəkindən gəlirlərini iki dəfə çox yeməyə xərcləyirlər. Hazırda yaşadığımız və yaşayacaqlarımız başımıza gələ biləcək ən pis ssenaridir, 21-ci əsrdə aclıq qəbuledilməzdir. Bizə hər kəs üçün işləyən qida sistemi lazımdır”,- Sarinen əlavə edib.
Ərzaq qiymətlərinin bütün dünyada insanlara təsir edəcəyini ifadə edən qida mütəxəssisi pandemiyadan əvvəl də dünyanın aclıqla mübarizə apardığını xüsusi diqqətə çəkib: “2020-ci ildə təxminən hər 10 nəfərdən birinin kifayət qədər qidası yox idi. Bu gün 276 milyon insan kəskin aclıqdan əziyyət çəkir. Qərbi Afrika son on ilin ən pis aclıq böhranı ilə üz-üzədir. Hazırda regionda 27 milyondan çox insan aclıq çəkir və heç bir tədbir görülməsə, yaxın üç ayda daha 11 milyon insan ac qala bilər. Qitənin şərqində də oxşar vəziyyət hökm sürür. Şərqi Afrikada hər 48 saniyədə bir nəfərin aclıqdan öldüyü təxmin edilir. Somali və Efiopiyanın bəzi bölgələrində yarım milyona yaxın insan ərzaq böhranı içərisində yaşayır. Somali, Efiopiya və Keniyada ifrat aclıqdan əziyyət çəkənlərin sayı keçən il 10 milyondan 23 milyona yüksəlib”.
//Gülnarə Abasova, Editor.az

