ADPU-da nə baş verir?-Rektora qarşı narazılıq çoxalırbackend

ADPU-da nə baş verir?-Rektora qarşı narazılıq çoxalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kollektivin rəhbərliyə qarşı etirazları günbəgün artmaqdadır.

Bu haqda Muxalifet.az-a məlumat verən mənbə bildirir ki, son vaxtlar Pedaqoji Universitet idarəolunmaz vəziyyətə gəlib. Bütün bunlar isə rektor Cəfər Cəfərovun peşəkar kadrları müxtəlif bəhanələrlə ali təhsil ocağından uzaqlaşdıraraq, onları özünün təcrübəsiz qohum-əqrabası ilə əvəzləməsindən qaynaqlanır.

Mənbə deyir ki, ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Səməndər oğlu Mehdiyevin bir neçə həftə öncə vəzifəsindən azad olunmasından sonra Pedaqoji Universitetdə vəziyyət xeyli gərginləşib. Çünki Ü.Mehdiyevin işdən çıxarılması ilə bağlı universitetdə çoxsaylı şayiələr dolaşmaqdadır. İddialardan biri budur ki, ADPU-da külli miqdarda maliyyə maxinasiyası aşkar olunduğundan, rektor öz postunu qorumaq üçün bibisinin nəvəsi olduğu bildirilən gənc prorektoru “qurban verməyə” məcbur olub. Doğrudur, bu informasiya mətbuata ayaq açdıqdan sonra Pedaqoji Universitetin rəhbərliyi ADPU-da heç bir yoxlama aparılmadığı və hər hansı maliyyə yeyintisi aşkarlanmadığı haqda açıqlama yaydı. Bildirildi ki, Ümid Mehdiyev öz xahişi ilə universitet rektorunun müşaviri vəzifəsinə təyin edilib: “Bunun səbəbi isə Ümid Mehdiyevin öz elmi-pedaqoji fəaliyyətini davam etdirmək istəyi, ADPU-nun 2021-ci ilədək strateji inkişaf planına uyğun olaraq universitetin rəqabətqabiliyyətliliyini artırmaq üzrə nəzərdə tutulan layihələrdə fəal iştirak etmək istəyi olmuşdur”.

Ümid Mehdiyev

Əlbəttə, biz ADPU-nun məlum açıqlamasını şübhə altına almaq fikrində deyilik. Amma son əldə etdiyimiz bilgilərə görə, gənc prorektor öz vəzifəsindən çıxarılmasından heç də məmnun olmayıb. Bunun əksinə, o, hazırda yenidən prorektor vəzifəsinə təyin olunması ilə bağlı Cəfər Cəfərova basqılar edir. Təbii ki, Ü.Mehdiyevin yenidən əvvəlki vəzifəsinə qayıdacağı inandırıcı deyil. Çünki artıq ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru postuna Ü.Mehdiyevin dostu, 1986-cı il təvəllüdlü Novruzov Orxan Rafail oğlunun namizədliyinin irəli sürüldüyü bildirilir.
Mənbə deyir ki, Orxan Novruzov ADPU-ya Ümid Mehdiyev tərəfindən gətirilib. Hazırda “Xalq Bank”ın şöbə müdiri vəzifəsində çalışan O.Novruzovun ilk olaraq Pedaqoji Universitetin baş mühasibi vəzifəsinə təyin olunması nəzərdə tutulub. Bu məqsədlə onu əvvəlcə ADPU-nun baş mühasibi Quliyeva Mətanət Şəmsəddin qızına müavin təyin ediblər. Rektorun və gənc prorektorun niyyəti bu imiş ki, O.Novruzov bir müddət bu vəzifədə təcrübə topladıqdan sonra onu baş mühasib gətirsinlər. O, paralel olaraq “Xalq Bank”dakı vəzifəsini də icra edirmiş. Ü.Mehdiyev prorektorluqdan uzaqlaşdırıldıqdan sonra Cəfər Cəfərova maliyyə işlərini bilən etibarlı kadr lazım olur ki, bu zaman da bibisi nəvəsinin təklifi ilə onun yerinə Orxan Novruzovu gətirmək məqbul hesab olunub.

Orxan Novruzov

O ki qaldı Ümid Mehdiyevin prorektor vəzifəsindən uzaqlaşdırılmasına etiraz etməsi haqda informasiyalara, deyilənə görə, Cəfər Cəfərov bu haqda yaxın günlərdə qərar verməyi düşünür(Bu məsələ ilə bağlı növbəti yazımızda ətraflı qeyd edəcəyik – müəl.). Çünki rektor bir çox səbəblərdən Ü.Mehdiyevi özündən narazı salmaq istəmir. Təsadüfi deyil ki, vəzifədən azad olunmasından iki həftə keçsə də, o, hələ də əvvəlki otağında – ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektorunun kabinetində oturur. Görünür, gənc prorektor bununla hələ də Pedaqoji Universitetdə mövqelərinin güclü olduğunu nümayiş etdirir…
Mənbənin sözlərinə görə, ADPU-da baş verən proseslər xanım mühasib Mətanət Quliyevanın ürəyincə olsa da, amma o da son vaxtlar çox narahat görünür. Çünki axır zamanlar universitetin baş mühasibi olaraq bəzi sənədlərin altına onun da imza atmağa, yumşağ desək, məcbur olması işdə qalmasının əksinə, heç də onun ürəyincə deyil…

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.