AFFA-nın “Xan Lənkəran” qərəzi və ya “varsa, gəlsin” dediyi adam gəldi!backend

AFFA-nın “Xan Lənkəran” qərəzi və ya “varsa, gəlsin” dediyi adam gəldi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sirr deyil ki, Azərbaycan Premyer Liqasındakı klubların əksəriyyətini AFFA maliyyələşdirir.

Nəinki Premyer Liqa, hətta Birinci Divizondakı klubların da bir neçəsi federasiyanın ümidinə yaşayır. Buna yaşamaq demək olarsa…

Bu faktın inkişafın qarşısını alan ən böyük maneə olduğunu illərdi səsləndiririk. Klublar federasiyadan asılı olmamalıdır deyirik.

Bəs AFFA nə deyir? Federasiya mənsubları da hər dəfə israrla bildirir ki, buna biz də hazırıq. Amma heç bir iş adamı klublarımıza yaxın durmur. Klub saxlamaq istəyən iş adamı varsa gətirin. İndiki halda biz əlimizi çəksək hamısı dağılacaq.

Əlimizdə fakt olmadığı üçün isbatlaya bilmirdik ki, federasiya azad mühit yaratsa həmin sponsorlar gələcək. Məhz illərdi hər yerdə “mənim adamım olsun”, bütün klublarda “mənim sözüm keçsin” kimi tələblər sponsorları didərgin salıb.

Yoxsa necə ola bilər ki, ölkənin yeni müstəqil olduğu, müharibədən yeni çıxdığı ağır günlərdə klub saxlayan iş adamı tapılırdı, amma indi yox? Nə məntiq bunu təsdiq edir, nə də reallıq.

Dediklərimizin isbatı üçün iş adamlarının çıxıb danışması, biabırçı mənzərəni dilə gətirməsi lazım idi. Bir sözlə, “İş adamının biri mən, çəkilin idarə edim” – deyəcək adamlar lazım idi. Şükür, o da tapıldı.

İllərdi jurnalist kimi iddia etdiyimiz, amma AFFA-nın qəbul etmədiyi həqiqətləri bu dəfə iş adamı özü dilə gətirib. Söhbət “Xan Lənkəran”nı prezidenti Pərviz Hüseynovdan gedir.

AFFA-nın süni maneələrin yorulan Rusiyada çalışan biznesmen “od püskürüb”.

Sitat: “Kifayət qədər iş adamı var ki, futbola sərmayə yatırmaq gücündədir. AFFA müstəqil klubların yaranmasında və çempionata rəqabətə gətirməsində maraqlı deyil.

Mən əvvəllər də AFFA haqda belə şeyləri çox eşitmişdim, amma açığı, inanmırdım. Bu sahəyə gəldim və gördüm ki, deyilənlər həqiqətdir.

Premyer Liqa və I Diviziona titul sponsoru tapmaq da mənim üçün asan məsələdir. Yəni, AFFA deməsin ki, heç kim futbola dəstək olmur, olmaq istəmir. Var belə vətənpərvər iş adamları.

Özü də kifayət qədər çoxdur. Sadəcə, AFFA-dakılar futbolu öz “mətbəxlər”i sayır və heç kimi ora buraxmaq istəmir. Hərəyə bir bəhanə gətirir, futboldan iyrəndirirlər”.

Ey AFFA rəsmiləri, alın bu da sizə əyani fakt.

“Yaxın gələn iş adamı varsa, buyursun” deyirdiniz. Bu da iş adamı. Öz halal zəhməti ilə əldə etdiyi qazancı ölkə futboluna qoymağa hazırdır. Özü də söhbət Rusiyada qazandığı pullardan gedir.

Siz isə illərdi dövlətin futbolun inkişafı üçün AFFA-ya ayırdığı milyonları boş-boş əcnəbilərə, akademiyalara, milliləşdirilmiş futbolçulara, mənasız mükafatalara xərcləməklə məşğulsunuz.

Zəhmət olmasa indi çəkilin kənara, sizdən fərqli olaraq halal zəhməti ilə pul qazanan kişilər meydana gəlsin. Onda bərəkət də olacaq, uğur da olacaq, sevinc də olacaq!

Sportinfo.az