Ağ Evin sözçüsü Con Kirbi çərşənbə axşamı Ağ Evdə keçirilən mətbuat konfransında İsrail ilə Həmas arasında davam edən qarşıdurmalar və İsrailin Qəzzaya qarşı hava əməliyyatları ilə bağlı açıqlama verib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Kirbi Qəzzada atəşkəsin “yalnız HƏMAS-a fayda verəcəyini” bildirsə də, humanitar yardımın keçməsini təmin etmək üçün döyüş əməliyyatlarına fasilə verilməsinin nəzərdən keçirilməsinin lazım olduğunu əlavə edib.
ABŞ-ın İsraili HƏMAS-a qarşı apardığı müharibədə mülki itkilərdən qaçınmağa çağıran Kirbi, mülki vətəndaşların zərər görməsinin qarşısının alınmasının mümkün olmadığını bildirib.
“Bu, müharibədir. Bu, münaqişədir. Burada qanla çirk getdikcə qarışacaq və mülki şəxslər zərər görməyə davam edəcək”, – Kirbi deyib.
BMT-nin baş katibi Antonio Quterreş bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxışı zamanı atəşkəsə çağırıb, lakin İsrail rəsmiləri bu təklifi rədd edib. O, bu gün BMT Təhlükəsizlik Şurasında humanitar yardımın keçməsini təmin etmək üçün hərbi əməliyyatların dayandırılmasını tələb edən, lakin tam atəşkəs rejimini ehtiva etməyən qərara dəstək istəyib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bazar ertəsi bildirib ki, HƏMAS-ın saxladığı 200-dən çox girov azad edilmədən atəşkəsdən danışmaq mümkün deyil.
//Gülnarə Abasova, Editor.az

