Son illərdə Türkiyə ilə ABŞ arasında münasibətlər bir sıra strateji məsələlər üzərindən gərginlik mərhələsinə daxil olub. Bu gərginliyin əsas səbəblərindən biri də Türkiyənin 2019-cu ildə F-35 qırıcı təyyarələri layihəsindən kənarlaşdırılmasıdır. Ankara həmin vaxt layihənin qurucu ölkələrindən biri kimi həm maliyyə, həm də istehsal baxımından ciddi töhfə versə də, S-400 sistemlərinin Rusiyadan alınması Vaşinqtonda ciddi narazılıq doğurdu. Hazırda isə Tramp administrasiyasının ikinci dönəmi fonunda iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni imkanlar müzakirə olunur. Lakin ekspertlərin fikrincə, proses kifayət qədər mürəkkəbdir və tərəflərin razılığa gəlməsi üçün qarşılıqlı güzəştlər qaçılmaz görünür.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə ABŞ arasında son 10 ildə yaşanan gərginliyin əsas səbəblərindən biri Ankaranın 2019-cu ildə F-35 qırıcı təyyarələri proqramından çıxarılması olub:

“Türkiyə layihənin başlanğıcında qurucu ölkələrdən biri kimi 1,3 milyard dollar vəsait yatırıb və təyyarənin bəzi hissələrinin istehsalını həyata keçirib. Lakin 2019-cu ildə S-400 hava hücumundan müdafiə sistemlərinin Rusiyadan alınması Vaşinqtonda ciddi narazılıq yaradıb və nəticədə Ankara proqramdan kənarlaşdırılıb.
Sonrakı illərdə, xüsusilə də Obama və Bayden administrasiyaları dövründə münasibətləri normallaşdırmaq kifayət qədər çətin oldu. Hazırda isə Trampın ikinci dəfə hakimiyyətə qayıdışı fonunda münasibətlərə yeni nəfəs verilir. Türkiyə Prezidentinin Ağ Evdə qəbulu və görüşdəki müsbət atmosfer tərəflərin bir sıra məsələlərdə anlaşa biləcəyini göstərir”.
Ekspert qeyd edib ki, ABŞ Prezidenti F-16 təyyarələrinin satışı və F-35 proqramında mümkün əməkdaşlıq üçün müəyyən şərtlər irəli sürüb:
“Bu şərtlərin əsasında S-400 məsələsi dayanır. Hələlik həmin sistemlər Türkiyədə aktivləşdirilməyib. Bundan başqa, Ankara son illərdə “Polad Qübbə” layihəsini həyata keçirərək öz hava hücumundan müdafiə imkanlarını gücləndirir. Bu baxımdan müəyyən razılaşmalar mümkündür”.
Qasımov qeyd edib ki, Ağ Evdəki müsbət atmosferli görüşdən az sonra ABŞ Konqresi Türkiyəyə beşinci nəsil qırıcıların mühərriklərinin satışına embarqo tətbiq edib. Vaşinqtonun əsas arqumentlərindən biri isə S-400 sistemlərinin NATO standartlarına uyğun olmaması və Rusiya üçün təhlükəsizlik boşluğu yarada bilməsidir.
Politoloq əlavə edib ki, F-35 məsələsində yalnız ABŞ deyil, digər regional oyunçular da təsir göstərir:
“İsrail və Yunanıstan bu məsələdə xüsusi fəallıq göstərir. Xatırladaq ki, hələ S-400-lərin alınmasından əvvəl İsrailin Baş naziri Netanyahunun ABŞ-yə səfəri zamanı F-35-lərin Türkiyəyə verilməsinin İsrailin təhlükəsizliyinə təhdid yaradacağı qeyd olunmuşdu. Ona görə də məsələ çoxşaxəlidir və yalnız S-400-lərlə məhdudlaşmır”.
Ekspertin fikrincə, qarşılıqlı güzəştlər nəticəsində Türkiyə ilə ABŞ arasında yeni razılaşma əldə oluna bilər.
//Gülnarə Abasova, Editor.az

