“Avtomobil satış bazarı Qarabağ üçün yeni sahədir. Buna görə də orada nəqliyyata tələbat çoxdur”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov Bakıdakı maşın bazarının Ağdama köçürülməsi iddialarını şərh edərkən deyib.

O qeyd edib ki, hazırda ölkənin bir çox bölgələrində maşın bazarı var və Ağdamda da olacağı istisna deyil:
“Həmin bazarlar barəsində onu qeyd edə bilərəm ki, onlardan bəziləri yüksək standartlara uyğun olsa da, bir neçəsi barədə bunu demək olmaz. Həmçinin onu da vurğulamaq yerinə düşər ki, Bakı maşın alıcılığı tələbatına görə ən böyük məkandır və belə də qalacaq. Yəni Ağdamda yeni bazar açılması paytaxtda avtomobil satış mərkəzlərinin məhdudlaşdırılacağı anlamına gəlmir. Gələcəkdə ola bilər ki, Ağdam şəhəri tam qurulduqdan sonra müəyyən servislər orada fəaliyyət göstərsin, hətta avtomobillər üçün yığım yerləri yaradılsın. Amma bunun paralelində həmin bazarlar Bakıda da fəaliyyət göstərəcəklər. Paytaxtda maşına tələbat böyükdür. Sadəcə, yol hərəkətinin təşkili bir qədər ürəkaçan səviyyədə deyil. Müəyyən standartlara cavab vermədiyi üçün tıxaclar da olur. Buna görə də insanlar Bakıda maşınların sayının azaldılmasını istəyirlər. Kimsə düşünə bilər ki, bazarların ləğvi avtomobillərin sayını azaldacaq, bu kökündən səhvdir. Avtomobil bazarlarının öz göstəriciləri var. Onun yerləşdiyi region həm satıcılar, həm də alıcılar üçün əlverişli olmalıdır. O yerlərdə bazarlar yaranır ki, həmin ərazidə maşına tələbat formalaşsın”.
Ekspert bildirib ki, işğaldan azad olunmuş ərazilərdə də müasir standartlara cavab verən avtomobil bazarları yaratmaq mümkündür:
“Amma bu o demək deyil ki, vətəndaşlar Bakıdan Ağdama gedib maşın alacaqlar. Həmçinin avtomobillərin onlayn satışı da mövcuddur. Bakıda bazarın fəaliyyəti məhdudlaşdırılsa belə, vətəndaşlar onlayn şəkildə maşın alacaqlar, bu da sözügedən sistemə marağı daha da artıracaq. Baxın, Ağdamı hazırkı şəraitdə avtomobil satış mərkəzinə çevirmək mümkün deyil. Çünki alıcı olmayan yerdə böyük satış çətin görünür. Bundan başqa, orada ciddi şərait olmalıdır. Adətən, insanlar maşın almağa qrup şəklində gedir və lazım gəldikdə həmin ərazidə bir neçə gün qalırlar. Bunun üçün də Ağdamda şərait yaradılmalıdır. Hazırkı müddətdə Azərbaycanda mərkəzləşdirilmiş bazarın yaradılması da çətin görünür. İnsanlar üçün hara ucuzdursa, maşını oradan alacaqlar”.
Qeyd edək ki, yerli mediada Bakıdakı maşın bazarlarının Ağdama köçürüləcəyi ilə bağlı iddialar səsləndirilir.

