“Ağır silahlı münaqişə hələ ki səngimək bilmir”-ŞƏRHbackend

“Ağır silahlı münaqişə hələ ki səngimək bilmir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, Qəzza zolağındakı son vəziyyət heç də ürəkaçan deyil”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı danışarkən politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, nə İsrailin, nə də HƏMAS-ın atəşkəs təkliflərinə müsbət cavab verməməsi vəziyyəti daha da ağırlaşdırıb:

“Başqa sözlə desək, bölgədə artıq bir aydan artıqdır davam edən ağır silahlı münaqişə hələki səngimək bilmir.
İsrail hazırda Qəzzada quru əməliyyatını davam etdirir. Bununla yanaşı,Qəzzanın ayrı-ayrı bölgələrinin intensiv şəkildə bombalanması da davam edir. Son məlumatlara əsasən İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 12000 nəfəri ötüb ki, bunlardan da əksəriyyəti qadın və uşaqlardır. Çox cüzi bir hissəsi isə HƏMAS qüvvələrinə aiddir. Eyni şəkildə İsrailin də itkilərinin cəmi 20 faizini hərbçilər təşkil edir. Yerdə qalanlar isə mülki şəxslərdir. Başqa sözlə hər iki tərəfdən ölənlərin böyük əksəriyyətini dinc sakinlər təşkil edir.

Bütün bunlara baxmayaraq tərəflərdən heç biri güzəştə getmək fikrində deyil. Mülki əhaliyə zərər gəlməməsinin vacibliyi ilə bağlı müxtəlif beynəlxaLq qurumların, ayrı-ayrı dövlətlərin çağırışlarına baxmayaraq müharibə qanunlarına məhəl qoyulmur. HƏMAS girov götürdüyü 200 dinc sakin və 239 İsrail əsgərini geri qaytarmaqdan imtina etdiyi kimi, İsrail də Qəzzadakı yaraqlıların gizləndikləri ehtimal olunan obyektlərə zərbələr endirməkdə davam edir”.

Siyasi analitikin sözlərinə görə, İsrail tərəfi yalnız girovların azad edilməsindən sonra atəşkəsin mümkünlüyünü bildirib:

“Onu da qeyd edim ki, hazırda Qətər və ABŞ-ın vasitəçiliyi ilə 100 mülki şəxsin girovluqdan azad edilməsi üçün danışıqlar aparılır. Bunlar əsasən qadın və uşaqlardır. Çünki mülki şəxs olmasına baxmayaraq HƏMAS hərbi-xidmətə yararlı şəxsləri geri qaytarmaqdan ümumiyyətlə imtina edir.

Ümumiyyətlə isə hərbi əməliyyatlar təkcə İsrail ərazisi və Qəzza zolağında həyata keçirilmir. İsrail ərazisinin Suriyadan, Livan ərazisindən raket atəşinə tutulmasına cavab olaraq İsrail də eyni şəkildə Suriya və Livan ərazisinə zərbələr endirir. İsrail Baş naziri Benyamin Netanyahu müharibənin uzun çəkəcəyini və İsrailin qələbəsinə qədər davam edəcəyini bildirib. Amma onu da əlavə edib ki, İsrail HƏMAS-a qarşı mühüm nailiyyətlər əldə etməsinə baxmayaraq ağır itkilər verir. Ən böyük problem isə müharibənin davam etməsini və daha geniş areala yayılmasını istəyən dövlətlərlə bağlıdır. Təəssüf ki, həm HƏMAS həm də İsrailin arxasında dayanan bəzi güclər var ki, onlar bunda maraqlıdırlar. Odur ki, ayrı-ayrı ölkələrin, xüsusilə də qardaş Türkiyənin sülhə nail olmaq uğrundakı təşəbbüsləri hələ ki, nəticə vermir”.

//Səbinə Hüseynli, Editor.az