“”Aİ-92″ markalı benzinin də qiyməti arta bilər”- AÇIQLAMAbackend

“”Aİ-92″ markalı benzinin də qiyməti arta bilər”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Aİ-95” və “Aİ-98” markalı benzinlər Azərbaycanda istehsal olunmur. Ölkəmizdə yalnız “Aİ-92” və dizel yanacağı istehsal olunur. Uzun illərdir ki, “Aİ-95” və “Aİ-98″ premium markalı benzin ölkəyə idxal olunur. Ona görə də sözügedən yanacaq məhsullarının qiymətləri sərbəst şəkildə tənzimlənir. Azərbaycanda istehsal olunan yanacaq məhsullarının qiymətlərinə Tarif Şurası baxsa da digərlərinin qiymətləri idxal olunan ölkələrdəki qiymətlərə uyğun tənzimlənir”.

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov Editor.az-a “Aİ-95” premium markalı benzinin qiymət artımı ilə bağlı açıqlamasında deyib.

İqtisadçı ekspertin sözlərinə görə, hal-hazırda dünya bazarlarında bütün növ yanacaq məhsulları bahalaşıb:

“Ona görə ki, dünyada xam neftin qiyməti 100 dollardan yuxarı qalxıb. Xam neftin qiyməti yüksəldikcə isə yanacaq məhsullarının qiyməti bahalaşır. Ümumiyyətlə, dünya ölkələrində yanacaq məhsullarının qiyməti sərbəst bazar qanunları əsasında müəyyənləşir. Ancaq Azərbaycanda bu proses dövlət tərəfindən tənzimlənir. Hal-hazırda dünya bazarında xam neftin qiymətinin yüksək olması, bütün ölkələrdə yanacaq məhsulları bahalaşdığı üçün “Aİ-95″ premium markalı benzinin qiyməti artacağı gözlənilən idi. Çünki ölkəmizdə sözügedən markalı benzin yanacağının qiyməti digər ölkələrlə müqayisədə aşağı idi. Hətta hesab edirəm ki, benzinin qiymətinin cəmi 40 qəpik artması çox yaxşı haldır”.

Pərviz Heydərov vurğulayıb ki, “Aİ-95” markalı benzin Azərbaycanda satılan yanacaq məhsullarının ümumi satış həcmini cəmi 10 faizini təşkil edir:

“Çünki sözügedən yanacaq məhsulundan
bahalı minik avtomobilləri üçün istifadə edilir. Ölkəmizdə ən çox satılan “Aİ-92” markalı benzin və dizeldir. Eyni zamanda, dizel yanacağından avtomobil sahiblərindən başqa, kənd təsərrüfatında da geniş istifadə olunur. Ölkədə istehlak olunan yanacaq məhsuluna olan tələbatın əksər hissəsini “Aİ-92” markalı benzinin təşkil edir. Odur ki, “Aİ-95″in qiymətinin 40 qəpik artması ölkə əhalisinə elə də ciddi təsir etməyəcək. Lakin hesab edirəm ki, “Aİ-95” premium markalı benzindəki qiymət artımı ilə əlaqədar “Aİ-92” markalı yanacaq məhsuluna olan tələbat daha da arta bilər. Bu da gələcəkdə “Aİ-92″ markalı benzinin qiymətinin də artmasına zəmin yaradır”.

//Gülnarə Abasova, Editor.az