Avropa İttifaqı (Aİ) Çinlə rəqabət fonunda ABŞ-la kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində strateji tərəfdaşlıq qurmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə Bloomberg nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ ABŞ ilə qarşılıqlı anlaşma memorandumu imzalamağa hazırlaşır. Sənəd çərçivəsində tərəflər üç ay ərzində “Strateji Tərəfdaşlıq üzrə Yol Xəritəsi” hazırlamağı hədəfləyirlər.
Tərəfdaşlığın əsas məqsədi litium, kobalt, nikel və nadir torpaq elementləri kimi kritik mineralların hasilatı, emalı və tədarük zəncirlərində Çinin dominant mövqeyini zəiflətməkdir. Sözügedən resurslar elektrik avtomobilləri, bərpa olunan enerji texnologiyaları və müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyır.
Qeyd olunur ki, Aİ və ABŞ bu təşəbbüslə tədarük təhlükəsizliyini gücləndirməyi, iqtisadi riskləri azaltmağı və geosiyasi asılılıqları minimuma endirməyi qarşıya məqsəd qoyur.
//Samir Qurbanov, Editor.az

