“Avropa Birliyinin rəsmilərinin səsləndirdiyi bu kimi fikirlərə ciddi yanaşmaq lazım deyil”.
Bunu Editor.az-a politoloq Əhəd Məmmədli erməni mediasında “Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel bildirib ki, Laçın dəhlizi indi açılmalıdır, Ağdam kimi digər yollar isə alternativ kimi deyil, ümumi razılaşmanın bir hissəsi kimi açıla bilər”,-deyə yer alan fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Cozep Borel bir müddət əvvəl Gürcüstanla bağlı da bu cür qərəzli açıqlama vermişdi:
“Çıxışı zamanı AB-ni “müəllim”, Gürcüstanı isə “şagird” kimi qələmə vermişdi. İndi də Azərbaycan haqqında Laçın yolunun tam, Ağdam yolunun isə qismən açılmasından danışır, tapşırıq” verməyə çalışır. Görünür, real faktorları itiriblər. Çünki onların rəsmi Bakıya yol göstərmək səlahiyyətləri yoxdur. Bu açıqlamanın arxasında qərəz, antiislam, antitürk yanaşması dayanır. Azadlıq, insan hüquqları adı altında siyasi sistem qurmalarına baxmayaraq əsrlərlə bu yanaşma Avropada davam edir. Quranyandırma aksiyalarını da buna nümunə göstərə bilərik”.
//Safura Bənnayeva, Editor.az

