“Aİ-nın daxilində hazırda sağlam mühit yoxdur”- Tofiq Abbasovdan ŞƏRHbackend

“Aİ-nın daxilində hazırda sağlam mühit yoxdur”- Tofiq Abbasovdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) növbəti sammitində Ukraynanın təşkilata üzvlük məsələsi müzakirə olunacaq. Bu barədə (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Bled Strateji Forumu üçün hazırlanmış çıxışında deyilir.

Politoloq Tofiq Abbasov Editor.az-a bildirib ki, Avropa İttifaqının bu tipli şüarları şirnikləndirici məqsəd güdür:

“Faktiki olaraq Aİ-nın daxilində hazırda sağlam mühit yoxdur. İttifaq özü özünü tənzimləyərək bir sıra mövcud ciddi problemlərlə bağlı yanaşmalar sərgiləməlidir. Əgər bu baş verməsə, İttifaqın mexanizmində laxtalanmalar olacaq və get-gedə onlar güclənəcək. Fransa dövlətinin mənfur siyasəti hətta Aİ daxilində də böyük problemlər yaradır. Məlumdur ki, hazırda rəsmi Parislə Roma arasında çox ciddi qalmaqal yaşanır. Prezident Emmanuel Makron açıq-aşkar İtaliya dövlətini təhqir edib. İtaliyanın Baş naziri Ciorcia Meloni isə
sərt bir formada Makrona cavab verərək Fransanı tənqid edərək yarıtmaz siyasətindən danışıb. O, Fransanın Afrikadakı biabrçılıqlarından, Aİ üzv ölkələri arasında nifaq salmasına, diskriminasiya ənənəsini gücləndirməsinə toxunub. Faktiki olaraq Avropa İttifaqının iki və üç nömrəli üzvləri Fransa, İtaliya arasında amansız verbal müharibə hökm sürür. Bu isə ondan xəbər verir ki, Şarl Mişel İttifaqa yeni dövlətlər cəlb etmək əvəzinə gərək daxili problemlərin həllinə çalışsın”.

T.Abbasovun sözlərinə görə, şərq siyasəti deyilən proqramlar çərçivəsində ən uğurlu, sağlam mövqe tutan Azərbaycandır:

“Aİ-nın rəsmiləri bir növ spekulyasiyalarla məşğuldurlar. Onlar çalışırlar ki, Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Gürcüstanı Rusiyadan ayırsınlar. Məsələ ondadır ki Aİ-nın rəsmi dairələri real vəziyyəti düzgün dəyərləndirə bilmirlər. Onlar yalançı vədlər verməkdən əl çəkməlidirlər. Ukraynanı bu vəziyyətdə necə təşkilata üzv edə bilərlər? Bu, mümkün deyil. Ukraynanın üzv olduğu halda Krımın, Donetskin, Luqanskın, Dənizyanı zolaqların müqəddəratı necə olacaq? Bu məsələnin özündə böyük blef var. Ukrayna hazırda dəhşətli vəziyyətdədir. 10 milyon əhali ölkəni tərk edib. Bu vəziyyətdə sanki Aİ Ukraynanı ələ salaraq İttifaqa üzvlüklə bağlı müzakirələrin aparılacağını deyir. Belə ki, sözügedən münaqişəli vəziyyətdə olan ölkələri ağ yalanla aldatmaq çox yarıtmaz bir siyasətdir. Avropalılar bununla bir daha göstərirlər ki, onlar şərqə yuxarıdan aşağı baxırlar”.

//Gülnarə Abasova, Editor.az