Aİ-nin yeni giriş sistemi hava limanında böhran yaratdıbackend

Aİ-nin yeni giriş sistemi hava limanında böhran yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) yeni Giriş-Çıxış Sistemi (EES) Brüssel hava limanında pasport nəzarəti zamanı uzun növbələrin yaranmasına səbəb olub.

Editor.az milli mətbuata istinadən xəbər verir ki, hava limanının sözçüsü Kventin Mertens sərnişinlərin pasport nəzarətindən keçmək üçün uzun müddət gözləməli olduqlarını bildirib. Onun sözlərinə görə, səhər saat 09:00 radələrində gözləmə müddəti 70 dəqiqəyə qədər uzanıb.

Yaranan sıxlığın əsas səbəbləri arasında yeni elektron sərhəd nəzarət sistemi və personal çatışmazlığı göstərilir.

Giriş-Çıxış Sistemi Aİ vətəndaşı olmayan sərnişinlər üçün rəqəmsal qeydiyyatı məcburi edərək pasport yoxlanışı prosesini uzadır. Rəsmilər qeyd ediblər ki, biometrik məlumatların toplanması hər bir sərnişin üçün əlavə vaxt tələb edir və bu da xüsusilə sıx dövrlərdə gözləmə müddətini artırır.

Məlumata görə, Belçika hökuməti sistem çərçivəsində planlaşdırılan biometrik məlumatların toplanması prosesini yaranan növbələr səbəbindən müvəqqəti olaraq təxirə salıb.

Digər tərəfdən, Pasxa bayramının başlaması ilə əlaqədar hava limanında sərnişin sayının daha da artacağı gözlənilir. Rəsmilər bildiriblər ki, cümə günündən 19 aprel tarixinədək 1,25 milyondan çox sərnişinin hava limanından istifadə edəcəyi proqnozlaşdırılır.

Yeni sistemə əsasən, Aİ vətəndaşı olmayan sərnişinlər barmaq izi verməli və biometrik foto çəkdirməlidirlər. Həmçinin sistem 180 gün ərzində 90 gün qalma qaydasını avtomatik hesablayacaq və müddət aşımı halında müvafiq qurumlara bildiriş göndərəcək.

Qeyd olunur ki, toplanan biometrik məlumatlar 3 il müddətində saxlanılacaq və bununla da növbəti səfərlərdə prosedurların sürətləndirilməsi hədəflənir.

EES-in 2026-cı ilin son rübündə tətbiqi planlaşdırılan ETIAS sistemi üçün əsas məlumat bazası rolunu oynayacağı bildirilir.

//Gülnarə Abasova, Editor.az