Aİ Rusiya neftinin tavan qiymətinin 60 dollar olmasını tələb edir-Təklif qəbul edilib?backend

Aİ Rusiya neftinin tavan qiymətinin 60 dollar olmasını tələb edir-Təklif qəbul edilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına üzv olan 27 ölkənin nümayəndələri Rusiya neftinə tətbiq olunacaq tavan qiymətinin müəyyənləşdirilməsi üçün danışıqları davam etdirir.

Editor.az beynəlxalq mediada yer alan məlumatlara istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrə Rusiyadan dəniz yolu ilə nəql edilən neftin bir barelinə 60 dollardan yuxarı qiymət tətbiq etməyi təklif edib.

Təklif Estoniya və Litva kimi Baltikyanı ölkələrin də daxil olduğu Polşanın rəhbərlik etdiyi qrup tərəfindən bəyənilməyib. Bu ölkələr daha aşağı tavan qiymətində israr etsə də, 27 üzv dövlətin yekdil razılığı ilə qərar tələb olunur. Bundan əlavə, Rusiya neftinin 60 dollarlıq tavan qiymətinə əlavə olaraq yeni qiymət məhdudlaşdırma mexanizmi yaradılacaq. Bu mexanizm Rusiya neftinin tavan qiymətini hər 2 aydan bir yenidən qiymətləndirəcək. Mexanizm Rusiya neftinin tavan qiymətinin bazar qiymətlərindən 5 faiz aşağı saxlanılmasını təmin edəcək. Tavan qiymət tətbiqi dekabrın 5-də, Aİ-nin Rusiyadan dəniz yolu ilə xam neft tədarükünü kəsmək qərarının qüvvəyə mindiyi vaxt qüvvəyə minəcək.

Belə ki, Rusiya nefti müəyyən edilmiş qiymətdən aşağı qiymətə satılmasa, G7 və Aİ ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortası, təkrarsığortası və broker xidmətlərini göstərə bilməyəcək.

Xatırladaq ki, G7 keçən həftə Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətini 65-70 dollar arasında müəyyən etməyi təklif edib. Aİ daxilində, xüsusən də Polşa, Litva və Estoniya tavan qiymətləri daha aşağı səviyyələrdə müəyyən etməyə çalışırlar. Rusiya neftinin nəqlində mühüm rol oynayan və əhəmiyyətli gəlir təmin edən Yunanıstan, Malta və Cənubi Kipr tavan qiymətin daha yüksək səviyyədə müəyyən edilməsini istəyir. Rusiya dünya neft hasilatının təxminən 10 faizini istehsal edir. Digər tərəfdən, Rusiya rəsmiləri tavan qiymət tətbiqinə qatılan ölkələrə neft satmayacaqlarını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az