Avropa İttifaqı (Aİ) liderləri ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faiz azaltmaq barədə razılığa gəliblər.
Maraqlıdır, il sonuna qədər bu mümkündürmü?
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Editor.az-a bildirib ki, Avropa İttifaqının Rusiyadan enerji aslılığında xam neftin payı mavi qazla müqayisədə daha azdır:
“Odur ki, Avropa Birliyi idxal etdiyi xam neftin təxminən 27, mavi qazın isə 40 faizi Rusiyaya aiddir. Ona görə də ilk növbədə xam neftdən aslılığı aradan qaldırmaq qazdan daha asandır. Ancaq nəzərə alsaq ki, Aİ Rusiyadan aldığı qazın 2/3-ni blok etmək niyyətindədir, bu da Avropa ölkələrinə təsirsiz ötüşməyəcək. Bununla belə Brüsseldə keçirilən görüş bir daha təsdiq edir ki, Avropa İttifaqı mərhələli şəkildə Rusiyadan enerji aslılığını aradan qaldırmaq niyyətində qətidir. Bu da Rusiya iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxara bilər Avropa İttifaqı Rusiyaya il ərzində 400 milyard avro enerji idxalına görə vəsait ödəyir, o baxımdan sözügedən qərar Rusiyaya daxil olan valyutanın həcmini kəskin şəkildə azaldacaq. Proseslər göstərir ki, sanksiyaların hələ ki, ciddi təsirlərini hiss etməyən Rusiyaya qarşı neft embarqosu onun iqtisadiyyatı üçün həddindən artıq böyük zərbə vuracaq, tənəzzülə belə gətirib çıxara bilər”.
//Gülnarə Abasova, Editor.az

