Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddəti 2025-ci ilin iyul ayının sonunda başa çatana qədər hər hansı güzəşt barədə qərar verməyəcək.
Editor.az bu barədə Euractiv-in mənbələrinə əsaslanaraq yazır.
Nəşr adı açıqlanmayan avropalı diplomatdan sitat gətirir: “Sanksiyalar uzadılana qədər (iyulda – redaktorun qeydi) heç nə dəyişməyəcək və biz çalışacağıq ki, heç nə dəyişməsin”.
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Rusiyanın Qara dənizdəki hücumlara moratorium qoyması üçün irəli sürdüyü şərtlər arasında Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların aradan qaldırılması da var.
Avropa Birliyi isə Rusiyanın Qara Dəniz Təşəbbüsünə qayıtmaq üçün şərt olan Rosselhozbank-a qarşı sanksiyaların ləğvi tələbini rədd edib.
Kreml vurğulayıb ki, Qara dəniz təşəbbüsünə qayıdış yalnız bir sıra şərtlər yerinə yetirildikdə mümkündür. Bunlara Rosselxozbank və ticarətlə məşğul olan digər maliyyə qurumlarına qarşı sanksiyaların ləğvi, onların SWIFT-ə qoşulması və lazımi hesabların açılması daxildir.
//Gülnarə Abasova, Editor.az