ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Əfqanıstanın paytaxtındakı Həmid Kərzayi hava limanının təhlükəsizliyini dəstəklədiyinə görə Türkiyəyə minnətdar olduqlarını söyləyib.
Teleqraf.com xəbər verir ki, Kirbi Kabil hava limanında hələ də Amerika hərbi qüvvələrinin olduğunu, ancaq geri çəkilmə başa çatdıqdan sonra oradakı hərbçilərin vəziyyətinin qiymətləndiriləcəyini bildirib.
“Hələ də hava limanında təhlükəsizliyin necə olacağına dair türklərlə danışıqlar aparırıq və bu səylərə rəhbərlik etmək istəklərinə görə onlara minnətdarıq”, – Pentaqon sözçüsü deyib.
ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə Kabilin Həmid Kərzayi hava limanının qorunmasında Türkiyənin iştirakı müzakirə olunur. Türkiyə müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Lloyd Ostin arasındakı görüşdən sonra hava limanının təhlükəsiz istismarı üzərində iş davam edir.

