Akif Çovdarovun arvadı ilə mülk davasıbackend

Akif Çovdarovun arvadı ilə mülk davası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN-in) generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov 4 il öncə həbsdən buraxılandan dərhal sonra həyat yoldaşı ilə rəsmi şəkildə boşanıb.

 

Yenisabah.az “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, məhkəməyə artıq keçmiş arvadından – İbadət Çovdarovadan müsadirə edilən əmlakların bir hissəsinin geri qaytarılmasıyla bağlı ərizə daxil olub.

İbadət Çovdarova müsadirə olunmuş əmlaklardan Abşeron rayonunun Mazasır kəndində hektarlarla torpaq sahəsinin və həmin ərazilərdəki tikililərin ona məxsus olduğunu bildirir. Masazırdakı Duz gölünün yaxınlığında yerləşən həmin torpaq sahəsində pomidor yetişdirilirmiş. Bu təsərrüfata anbarlar, ofis təyinatlı inzibati bina, başqa köməkçi tikililər və 3 istixana daxildir.

Qadının geri qaytarılmasını tələb etdiyi daha bir əmlaksa Kürdəmir rayonundakı 69 hektar ərazidə olan göllər, balıqçılıq təsərrüfatı və tikililərdir.

İ.Çovdarova iddia edir ki, bu əmlaklar keçmiş MTN generalı ilə birgə yaşayış dövründə əldə olunsa da, onun özünün və qohumlarının puluyla alınıb. Buna görə də, A.Çovdarovun barəsindəki cinayət işi ilə əlaqədar müsadirə edilə bilməz.

Məhkəmədəki mənbənin “Azadlıq Radiosu”na verdiyi məlumata görə, İ.Çovdarova bu əmlakları geri almaq uğrunda gedən və 3 ili aşan mübarizəsini indi də davam etdirir:

“İbadət Çovdarova bir sıra əmlak üzərində özünün tam pay hüququnun tanınmasını istəyir. Akif Çovdarov da bu iddiaya etiraz etmir, əksinə, müdafiə edir”.

Sabiq MTN generalının adından çıxış edən nümayəndəsi deyir ki, sözügedən torpaq sahələri və müəssisələr onların birgə vəsaiti hesabına əldə olunmayıb. Onları İbadət Çovdarovanın özü və yaxın qohumları alıb.

Məhkəmələr bu iddiaları əsaslı və inandırıcı saymadığından təmin etmir.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində hökm çıxarılarkən, Çovdarovun 12 illik həbsinə, əmlakların böyük əksəriyyətinin isə müsadirəsinə qərar verilmişdi.