Aksiya keçirilən yer niyə Xankəndinin “qida borusu” adlanır?backend

Aksiya keçirilən yer niyə Xankəndinin “qida borusu” adlanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın yolu ermənilər üçün sovet dövründə “şah damar” rolunu oynayıb, indi də…

İkinci Qarabağ müharibəsinin davam etdiyi o tarixi günlərdə ən çox müzakirə edilən mövzulardan biri həmin yerlərin coğrafi mövqeləri ilə bağlı idi. Qarabağı qarış-qarış azad edən qəhrəman şəhid və qazilərimizin bəziləri heç düşməndən təmizlədikləri bölgələrə yaxından bələd də deyildilər ki, bu da 30 ilə yaxın davam etmiş işğalın doğurduğu nəticə idi. Amma hamı kəndlər və qəsəblər işğaldan azad olunduqca, ya xəritəyə baxır, ya da “o tərəflərin” adamlarından maraqlanırdılar: “indi ordumuz haraya hücum edəcək, filan rayona nə qədər məsafə qaldı” və sairə…

Editor.az  musavat.com-a istinadən bildirir ki, paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşməsinə baxmayaraq, o “sirli” şəhərlərimizdən biri də Xankəndi və ora gedən yollarla bağlı idi. Şuşa və Xocalı rayonunun arasında yerləşən, 1978-ci ilin may ayında şəhər statusu alan Xankəndi yenə neçə gündür ki, təkcə yerli medianın deyil, hətta Roma papasının da əsas müzakirə mövzusudur.

Səbəb bəllidir: Azərbaycanın ekofəalları Şuşa-Laçın yolunda, Xankəndi şəhərinin “boğazı” hesab edilən yerdə haqlı tələblərlə aksiya keçirirlər.

Bəzilərində o sual var ki, ermənilərin doğurdanmı, Xankəndidən Ermənistana başqa quru yolları yoxdur? Bəziləri isə hətta belə düşünürlər ki, Ermənistana çəkilən yeni yol ekofəalların dayandığı yerdən keçmir və ermənilər yalandan ağlaşma qurublar…

Hazırda ekofəalların dayandığı yer uzun illər məhz dəhliz deyil, Laçın yolu adlanıb. Bu yol Qarabağ hadisələri başlayanadək Şuşa istqamətindən də çox istifadə edilib. Şuşanın Turşsu qəsəbəsi, bir neçə kəndi və məşhur “İsa Bulağı” bu yol yaxınlığında yerləşir. Amma ermənilər üçün bu yol sovet dövründən “şah damar” rolunu oynayıb. Yolun rəsmi adı Xankəndi-Laçın-Gorus-İrəvan adlanır. Xankəndindən müntəzəm avtobuslar da işləyib. Bu, Ermənistanla Qarabağ arasında yeganə quru yol idi.

Laçının belə bir strateji ərazidə yerləşməsi Birinci Qarabağ müharibəsi zamanı onun həm ermənilər və həm də Azərbaycan üçün əhəmiyyətini ikiqat artırdı. Ermənilər Şuşa-Ağdam yolunu bağladıqdan sonra Bakıya gediş-gəliş də bu yolla idi. Məhz bu səbəbdən Şuşadan sonra, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri Laçın rayonunu da işğal edib “ana-balaya qovuşdu” deyirdilər.

Sonradan 30 ilədək uzanan mənasız danışıqlarda və sənədlərdə “Laçın dəhlizi” adı alan bu yol yenə də əvvəlki strateji əhəmiyyətini saxlayırdı. Ermənilər bir müddət sonra Xankəndidən daha bir alternativ yol çəkdilər. Bu yol Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolu idi. Bu yol eyni zamanda, Azərbaycanın işğal altında saxlanan ərazilərindəki təbii resursların (mis, dəmir, digər mədən filizləri, meşə məmulatları və s.) Ermənistana daşınması üçün nəzərdə tutulmuşdu.

Xankəndi-Kəlbəcər-İrəvan yolu rəsmi bilgələrə görə, Gəncəsr monastrının arxasından keçərək Xaçınçayla Tərtərçay arasındakı yüksəkliyə qədər uzanırdı. Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolu eyni zamanda, ermənilərin “Drambon” adlandırdıqları Kəlbəcər rayonunun Heyvalı kəndindən keçirdi. Ermənilər 2001-ci ildə “Drambon filiz-saflaşdırma zavodu” tikərək illərlə Azərbaycanın mis qızıl mədənlərinin qeyri-qanuni mənimsəyiblər. Bu yol Ağdərə Kəlbəcər ərazilərini birləşdirən el arasında “Qamışlı tuneli” adlandırılan yeraltı yoldan keçirdi ki, kəlbəcərlilər buranı yaxşı bilirlər. Bu yol İstisudan Zod qızıl yataqlarını, oradan Basarkeçər rayonunu, oradan da Göyçə gölünü və İrəvanı birləşdirirdi.

İkinci Qarabağ müharibəsi zamanı, yəni 25 noyabr 2020-ci il Kəlbəcərin azad olunmasından sonra bu yol da Azərbaycanın tam nəzarətinə keçdi, Xankəndinin asi ermənilərinin ümidi yenə yalnız sovet dövründəki kimi “Laçın yolu”na qaldı…

10 noyabr razılaşmasına uyğun olaraq çəkilən yeni yolla Ermənistana(və əksinə) getmək üçün Xankəndi ermənisi mütləq indi bizim aksiyaçıların dayandığı yoldan keçməlidir. Məlumdur ki, yeni yolun çəkilişindən sonra Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.

Yeni yol təxmini hesablamalara görə, 8-9 km Laçın rayonunun ərazisinə, qalanı 14 km Şuşa rayonunun ərazinə düşür. Sonra Həkəri çayının üstündən çəkilmiş “sərhəd körpüsü” gəlir ki, buradan da Ermənistana gedirlər. İki zolaqlı yeni yolun ümumi uzunluğu 32 kilometr təşkil edir ki, onun 10 kilometri Ermənistan ərazisində yerləşir.

Yeni yolun Laçın yolunda olduğu kimi, 5 kilometrlik məsafəsi bir çox sullar da doğurur. Ən ciddi versiya budur ki, 5 kilometrlik məsafəyə nə Rusiya nəzarət edə biləcək, nə də Qarabağ ermənilərin iddia etdiyiyi kimi onlar… Bu yolu ölkənin dövlət şirkəti tikib (AAYDA), bütünlüklə də Azərbaycanın suveren ərazisi və mülkiyyətidir. Başqa bir iddia budur ki, yolun hər iki ölkə sərhədi tərəfindən 2,5 km olmaqla bufer zona yaradıla bilər ki, bu da Azərbaycan üçün məqbul variant hesab oluna bilər. Amma o halda ki, burada Azərbaycanın nəzarət-keçid məntəqəsi olsun. Rusiya sülhməramlılarının nəzarətində qalacağı halda isə bu da Laçın dəhlizindəki kimi 5 kolometrlik məsafə deyil, xeyli qısa olacaq…

Rusiya Müdafiə Nazirliyinin xəbər bülletenində, digər beynəlxalq təşkilatların və əcnəbi dövlətlərin sənədlərində təəssüf ki, yenə “Laçın dəhlizi” ifadəsi işlədilir. Yeni salınmış yolu Azərbaycan məsələn, əvvəldən Qaladərəsi yolu adlandıra bilərdi…