Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan dünən deyib ki, əhalinin böyük əksəriyyəti hazırkı hökumət başçısı Nikol Paşinyana qarşıdır. O, bildirib ki, Qarabağdakı hadisələr bardağı daşıran son damla oldu. Müxalifət liderinin sözlərinə görə, xalqı birləşdirmək lazımdır, ölkə rəhbərliyi xarici agentlərin əlindədir.
V.Manukyanın fikrincə, hakimiyyət dəyişikliyindən sonra nələrin gözlənildiyi barədə xalqı məlumatlandıran qurum yaradılmalıdır. Sabiq baş nazir, həmçinin söyləyib ki, keçmiş prezidentlərdən heç biri hakimiyyətə gəlməməlidir. Məlum olduğu kimi, bir neçə gündür ki, Ermənistanda aksiyalar keçirilir. Bunun əsas səbəbi Qarabağda keçirilən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı xunta rejimin ağ bayraq qaldırması, təslim olmasıdır. Bu, Ermənistan daxilindəki radikalları narahat edir. Onlar Paşinyanı satqınlıqda ittiham edir, baş naziri “xain” adlandırırlar.
Etirazçıların əsas tələbi hökumətin dəyişilməsi, Paşinyanın istefa verməsidir. Bu isə indiki məqamda çətin görünür.
Nəzərə almaq lazımdır ki, ölkədə əvvəllər də hakimiyyət əleyhinə etirazlar olub. Hər dəfə baş nazirin istefası tələb edilib. Lakin etirazçılar Paşinyanı devirməyə bacarmayıblar.
Əvvəlki vaxtlardan fərqli olaraq indi Rusiyanın Ermənistan hakimiyyətinə münasibəti ciddi formada dəyişib. Kreml Paşinyanın əlindən təngə gəlib. Rəsmi Moskva, çox güman, Paşinyanın devrilməsində, hakimiyyətə Rusiyayönümlü siyasətçinin gəlməsində maraqlıdır. Bu, indiki gərgin məqamda Rusiya üçün çox əhəmiyyətlidir. Odur ki, Moskvanın Ermənistan daxilindəki güclərdən öz maraqları naminə istifadə etməsi gözləniləndir. Buna baxmayaraq, Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olan qüvvələr də var. Xüsusilə ABŞ üçün Paşinyan lazımlı fiqurdur. Ona görə də Qərb bütün imkanları ilə mümkün hakimiyyət çevrilişinin qarşısını almağa çalışacaq. Belə demək mümkünsə, Paşinyanın “day-dayısı” var. Əslində Ermənistan daxilindəki radikallarla hakimiyyət arasındakı mübarizə həm də qlobal güclərin rəqabətidir. Rusiya və Qərb bu gün Ermənistanda rəqabət şəraitindədir. Hazırda davam edən və zaman- zaman təkrarlanan aksiyalar da bu rəqabətin təzahürüdür.
Doğrudur, aksiyalar Paşinyanın imicinə zərbə vura bilər. Həmçinin mitinqlərdən sonra baş nazirin daha ehtiyatlı davranması da mümkündür. Amma dediyimiz kimi, böyük ehtimalla o, hakimiyyətini qoruyacaq. Vazgen Manukyanın dediklərinə gəldikdə isə söyləməliyik ki, aksiyaçıların sayı müxalifətin iddia etdiyi qədər çox deyil. Üstəgəl, kütləvi həbslər etirazçıların sayının daha da azalmasına səbəb olur. Bu isə əhalinin böyük əksəriyyətinin Paşinyana qarşı olduğu ilə bağlı iddiaları sual altına qoyur. Aksiyalara Qarabağdakı antiterror tədbirlərinin təkan verdiyi aydındır. Bu, sözsüz, belədir. Paşinyanın xarici agenturaya işləməsi ilə bağlı ittihamların əsas səbəbi onun xarici siyasət kursudur. Çünki baş nazir gah Qərbin, gah Rusiyanın, gah da İranın sifarişlərini yerinə yetirir.
Ən mühüm məqam Manukyanın keçmiş dövlət başçıları haqqında səsləndirdiyi fikirlərdir. O, müxalif düşərgəni təmsil etməsinə rəğmən, sabiq prezidentlər və hazırda müxalifətin əsas simaları olan Robert Köçəryanın, Serj Sarkisyanın hakimiyyətə gəlməsini istəmir. Görünür, hətta Manukyan da başa düşür ki, adı çəkilən siyasətçilər “işlənmiş kartdır”. Və iş orasındadır ki, Paşinyanı əvəz edə biləcək konkret namizəd yoxdur. Beləliklə, Paşinyan “sonuncu mogikan” olacaq.
//Kənan Novruzov, Editor.az