“Aksiyalarda  bıçaq sümüyə dayanıb”- Əgər Volkov gəlməsə…- Tofiq Abbasovdan AÇIQLAMAbackend

“Aksiyalarda  bıçaq sümüyə dayanıb”- Əgər Volkov gəlməsə…- Tofiq Abbasovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aksiyalar Azərbaycan ərazisində gedir və ərazilərimizin bir hissəsinin müqəddəratı ilə bağlıdır. Ermənilərin həmin ərazilərdə hərbi hazırlıqları davam edir. Eyni zamanda, ekologiyaya da ziyan vururlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, etirazlar hüquqi baxımdan qanunidir:

” Bir halda ki, ərazilərimizdə dağıdıcı işlər həyata keçirilirsə, onun qarşısı mütləq formada alınmalıdır. Burada da ermənilər həmin işləri görür və Rusiya sülhməramlı kontingenti prosesləri müşayiət edir. Çünki onlar üçün bu proseslər o qədər də önəm kəsb etmir, əhəmiyyəti yoxdur. Sülhməramlılar öz missiyalarını üzərindən atır, səlahiyyətlərini böyüdür və lazımsız işlərə baş qoşurlar. Qanunsuz silah-sursatın daşınmasına agahdırlar, amma, buna mane olmurlar, digər tərəfdən mədənlərdə görülən işlərlə bağlı proseslərə şərik çıxırlar. Görünür ki, Volkovun bu məsələdə öz şəxsi maraqları da var. Ona görə də tərəfkeşlik edir. Ancaq bu işlər daim davam edə bilməz. Volkov əgər həqiqətən günahsızdırsa, gərək üzüağ şəkildə etirazçıların qarşısına çıxsın. O, Moskva ilə bu prosesləri əlaqələndirir, ancaq hesab edirəm ki mərkəzdən ona təlimat verilməyib. Vladimir Putin həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistan baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparırsa, deməli o anlayır ki, Azərbaycan bu məsələdə zarafat etmir. Azərbaycanın mövcud haqları pozula bilməz”.

Tofiq Abbasovun sözlərinə görə Azərbaycan “yumuşaq gücdən” istifadə edir:

“Bu güc həmin etirazların timsalında öz əksini tapır. Lazım gələrsə, sərt güc tətbiq ediləcək. Bunun üçün bizim həm imkanlarımız genişdir, həm də hüquqi əsaslarımız var. Əgər ermənilər və havadarları Azərbaycan torpaqlarında dağıdıcı işlərlə məşğul deyilsə, onda qorxmadan yolu açmalı, Volkov Azərbaycan nümayəndələri ilə açıq söhbət aparmalıdır. Amma əgər qaydalar pozulursa, biz bununla barışmayacağıq.Geosiyasi vəziyyət gərginləşir. Bizim çəkinəcəyimiz heçnə yoxdur. Əksinə bu, xırda erməni icmasının səksəkəsidir. Volkov da onların üzərində əsir. Yumuşaq gücün istifadəsində bıçaq sümüyə dayanıb. Ya Volkov daşı ətəyindən töküb Azərbaycan nümayəndələrinin qarşısına çıxmalıdır, ya da Azərbaycan daha sərt imkanlarından istifadə edəcək”.
 
//Safura Bənnayeva, Editor.az