“Ermənistanda artıq günlərdir ki, küçə aksiyaları davamlı xarakter alıb. Müşahidə etsək görərik ki, bu aksiyalarda iştirak edənlər hər dəfə eyni insanların və onların sayında artım olmur. Müəyyən maraqlara xidmət edən bu eyni kütlənin əksəriyyətini isə maliyyə hesabına küçələrə dəvət olunmuş insanlar təşkil edir”.
Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili, bildirib ki, 2020-ci ildə uğradığı ağır məğlubiyyətdən sonra Ermənistanda keçirilən seçkilərdə baş nazir Nikol Paşinyan yenidən məğlub baş nazir olaraq xalqın etimadını qazanıb:
“Bu müddət ərzində isə Ermənistanla Azərbaycan arasında digər ölkələrin iştirakı ilə üçtərəfli bəyanatlar imzalanıb. Bu gün də 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda öz əksini tapan bir neçə bəndə Ermənistan tərəfindən əməl edilmir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə baş tutan sonuncu üçtərəfli görüşdə isə yenidən razılıqlar əldə olundu. Həmin razılaşmalardan sonra baş nazirləri müavinləri səviyyəsində görüşlər keçirildi. Qrafikə uyğun olaraq iyul-avqust aylarında isə Brüsseldə növbəti görüşün keçirilməsi nəzərdə tutulub. Bu aralıqda hər iki tərəfin öhdəsinə götürdüyü müəyyən vəzifələr var. Azərbaycan hər zamanki kimi üzərinə götürdüyü öhdəliklərə əməl edir. Ancaq qarşı tərəf hələ də bu məsələlərin həllinə isti baxmır, prosesləri uzatmağa çalışır. İrəvanda müəyyən qüvvələrin təşkilatçılığı ilə həyata keçirilən aksiyalar lazımi addımların atılmasına mane olur. Ümumilikdə isə erməni cəmiyyətində etirazçıları dəstəkləyənlər azdır. Aksiya iştirakçılarının əsasını Qarabağ klanı, köhnə rejimin nümayəndələri, hakimiyyət davası edənlər təşkil edir. Hesab edirəm ki, bununla onlar heç bir nailiyyət əldə edə bilməyəcək. Çünki uzun müddət davam edən bu aksiyalarda iştirak edənlərin sayında günbəgün ciddi artımlar olsaydı təhlükə vəziyyəti müşahidə edə bilərdik. Ancaq bu gün Ermənistanda həmin aksiyalarda iştirak edənləri qınayanların sayı daha çoxdur. Onlar artıq Paşinyana etibar etdiklərini, revanşist bəyanatlar səsləndirməkdən çəkindiklərini, Azərbaycanla düşmənçilik münasibətlərindən yorulduqlarını deyirlər. Bu bir daha onu göstərir ki, sadə erməni cəmiyyəti artıq Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib və Paşinyana etimad göstərərək Azərbaycanla qonşuluq münasibətlərinin yaradılmasına öz dəstəyini ifadə edir. Əgər belə olmasaydı, Paşinyan çoxdan bu aksiyaların qurbanı olaraq hakimiyyətdən devrilərdi”.
A. Badamov hesab edir ki, bu aksiyaların müəyyən bir hissəsi xaricdən təşkil olunur və bu da etirazların davamlı xarakter almasına şərait yaradır:
“Yəni, bu proseslərə Rusiyanın da bir təsiri yoxdur. Moskvadan bəzi qüvvələr bu aksiyalara dəstək versələr də, ancaq dövlət rəsmi şəkildə üçtərəfli bəyanatın imzalanmasında iştirak edib və rəsmi olaraq Ermənistan-Azərbaycan arasında qonşuluq münasibətlərin formalaşmasına, regionda sülhün və sabitliyin bərpa olunmasına öz müsbət mövqeyini ifadə edir. Hesab edirəm ki, İrəvan küçələrindəki bu aksiyalar bir neçə gün də davam edəcək və tezliklə başa çatacaq. Çünki onlar məqsədlərinə nail olmayacaq. Aksiya iştirakçıları və onlara dəstək verənlər də bilməlidirlər ki, Ermənistan hakimiyyətinə kimin gəlməsindən aslı olmayaraq Azərbaycanın yaratdığı yeni reallıqları dəyişə bilməyəcək. Əldə olunmuş razılaşmalarda icra olunmayan bəndlər, öhdəliklər qalacaqsa, Ermənistan təxribatlara davam edəcəksə, Azərbaycanında öz ərazilərində antiterror əməliyyatı həyata keçirməklə terrorçuları təmizləmək hüququ var. Azərbaycan Ordusunun hər keçən gün gücü, peşəkarlığı daha da artırılır, daha müasir texnoloji silahlarla təmin edilir, qarşıya qoyduğu vəzifələri daha yüksək səviyyədə icra edə bilən peşəkar qoşun növləri yaradılır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın yaratdığı yeni reallıqların alternativi yoxdur və Ermənistan da bunu qəbul etməlidir. Aksiyaların davam etdiyi hər gün Ermənistan üçün vaxt itkisidir, onu geriyə aparır, iqtisadi cəhətdən çökdürür, sosial partlayış yaradır. Azərbaycanla münasibətləri normallaşdırmaq ermənilər üçün yenidən ayağa qalxa bilmək üçün yalnız və yalnız şans yarada bilər”.
//Gülnarə Abasova, Editor.az

