Qazaxıstanın Aktau şəhərində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin qorunması uğrunda həlak olmuş Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin anım mərasimi keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərimizin ruhuna Quran oxunub.
Tədbirdə çıxış edən ölkəmizin Aktaudakı baş konsulu vəzifəsini icra edən Elmar Məmmədov, Azərbaycan diasporunun sədri Şəmsəddin Hüseynov və diaspor fəalları şəhid ailələrinə, dövlətimizə və xalqımıza dərin hüznlə başsağlığı veriblər.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işlərin aparılması, bölgədə möhkəm sülhün və kommunikasiyaların qurulması istiqamətində böyük səylər göstərən Azərbaycan dövlətindən fərqli olaraq, təcavüzkar Ermənistan sülh müqaviləsinin imzalanmasında deyil, hərbi qarşıdurmalarda və regionda vəziyyətin gərginləşməsində maraqlıdır. Hər iki tərəfdən çoxsaylı insan itkisi ilə müşayiət olunan son təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb. Beynəlxalq qurumlardan Ermənistanın təcavüzkar siyasətinə və təxribatlarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi üşün qətiyyətli addımlar atılması tələb edilib.
Tədbir çərçivəsində şəhidlərimizin fotoslaydları nümayiş etdiriib.


