Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin BMT Baş Assambleyasının iclasında Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Avropa qətnaməsinə “təsadüfən” səs verdiyini deyib.
Bu barədə fevralın 24-də RTS məlumat yayıb. Onun sözlərinə görə, “Serbiya səhv edib. Bunun üçün Serbiya vətəndaşlarından üzr istəyirəm və bunun günahını öz üzərimə götürürəm. Çünki yəqin ki, yorulmuşam, yüklənmişəm və hər şeyi edə bilmirəm”, – Vuçiç deyib.
O əlavə edib ki, “Serbiya bitərəf qalmalı idi”. “Amerikanın qətnaməsinə gəlincə, biz məhz lazım olduğu kimi səs verdik, bitərəf qaldıq. Fikrimcə, biz Avropa qətnaməsində də bitərəf qalmalıydıq. Və gördüyünüz kimi, mən bunu elə bir vaxtda deyirəm ki, buna görə Aİ-də nüfuzumu və ya siyasi xalımı itirəcəm”.
//Samir Qurbanov, Editor.az