Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə sülh və əmin-amanlığı pozmağa çalışan hər kəsin “başını kəsəcəyinə” söz verib.
Editor.az-ın Belarus mənbələrinə istinadən verdiyi xəbərə görə, o, bu barədə çərşənbə axşamı, aprelin 19-da asayişin təmin edilməsi ilə bağlı keçirilən müşavirədə bildirib. Lukaşenko 2020-ci ildə prezident seçkilərindən sonra Belarusda baş vermiş iğtişaşları xatırladaraq, belə bir vəziyyətin bir daha təkrarlanmasına yol verməyəcəyini deyib: “Mənim kifayət qədər gücüm və vasitələrim var.
O adamlar bir gün yanımda olacaqlar və biz ölkəmizdə sülhü və əmin-amanlığı pozmağa çalışan hər kəsin başını kəsəcəyik”, – deyə Lukaşenko bildirib. Belarus lideri onu da əlavə edib ki, o, “Ukraynada olduğu kimi” Belarus ərazisində silahlı münaqişənin başlanmasını qəbuledilməz hesab edir və bunu “pozğunluq, bürokratiya və tədbir görülməməsi”nin nəticəsi adlandırıb. Belarus lideri ölkənin hüquq-mühafizə blokunun bir sıra sahələrdə fəaliyyətini qeyri-kafi adlandırıb. Xatırladaq ki, 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərindən sonra ölkəni etiraz dalğası bürümüşdü.

