Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə KTMT sammitinə getməkdən imtina etdikdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko siyasətçini “parçalanmaya doğru tələsik addımlar” atmaması barədə xəbərdarlıq edib.
Editor.az xəbər verir ki, bu barədə cənab Lukaşenkonun mətbuat katibi Natalya Eysmont danışıb. Onun sözlərinə görə, bir gün əvvəl, noyabrın 14-də Aleksandr Lukaşenko ilə Nikol Paşinyan arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan baş nazirinin KTMT-nin ənənəvi illik sammitinə getməkdən imtina etməsi müzakirə olunub. “Prezident öz təcrübəsinə və oxşar situasiyalarda bəzi digər tanınmış siyasətçilərin hərəkətlərinə əsaslanaraq təklif edib ki, Ermənistanın baş naziri tələsməməli, tələsik qərarlar verməməli, parçalanmağa yönələ biləcək addımları ciddi düşünməlidir ”, – Xanım Eysmont Belarusun BelTA dövlət agentliyinə bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da konfrans zamanı Ermənistan baş nazirinin KTMT sammitinə getməmək qərarından təəssüfləndiyini bildirmişdi.
//Samir Qurbanov, Editor.az

