Belarus prezidenti Aleksandr Lukaşenko gizli fəaliyyətdə ittiham olunaraq ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv edib.
Bu gün səhər saatlarında Krieger əfv tələbi ilə Lukaşenkoya müraciət etmişdi.
Belarus prezidentinin mətbuat xidməti bildirib ki, Riko Kriger əfv edilib. “Dövlət başçısı bütün halları nəzərə alaraq əfv haqqında qərar qəbul edib”, – materialda deyilir. Digər təfərrüatlar verilmir.
Xatırladaq ki, məhkəmə Riko Krigeri Belarus Cinayət Məcəlləsinin terrorizm, muzdluluq fəaliyyəti və xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq da daxil olmaqla altı maddəsi ilə təqsirli bilib. Almaniya vətəndaşı günahını yalnız gizli fəaliyyətdə etiraf edib. Kriger Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə kəşfiyyat apardığını bildirib. Minsk məhkəməsi Riko Krigeri ölüm cəzasına məhkum edib. Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşının taleyi ilə bağlı Belarusun “hakimiyyəti ilə sıx əlaqə saxladığını” bildirib. Belarus Xarici İşlər Nazirliyi Berlinlə bağlı “konkret həll yolları” təklif etdiyini deyib.
İyulun 22-də məlum olub ki, məhkum hökmdən apellyasiya şikayəti verməyib. Bu gün, iyulun 30-da Riko Krieger əfv üçün ərizə göndərib. Bundan sonra Aleksandr Lukaşenko Almaniya vətəndaşının vəkilləri və müstəntiqləri ilə görüş keçirib və əfv qərarı çıxarıb.
//Samir Qurbanov, Editor.az

