Serbiya prezidenti Aleksandr Vuçiç Kosovodakı vəziyyətlə əlaqədar silahlı qüvvələri maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.
Editor.az bildirir ki, bundan əvvəl Kosovonun şimalında Kosovo xüsusi təyinatlıları ilə yerli serblər arasında toqquşma olub. Kosovo polisi Zubin-Potok meriyasına girməyə cəhd etsə də, serb əhalisi buna mane olub. “Nezavisne” xəbər verir ki, ondan çox xüsusi təyinatlı zabit Kosovska Mitrovitsa, Leposaviç, Zubin-Potok və Zveçandakı yerli hökumət binalarına gəlib. Bələdiyyələrin müvəqqəti orqanlarında çalışan onlarla serb binaların girişinə toplaşıb.
“Novosti” xəbər verir ki, Vuçiç cavab olaraq ordunun döyüş hazırlığının ən yüksək səviyyəyə yüksəldilməsi haqqında əmr imzalayıb və silahlı qüvvələrə Kosovo və Metohiya istiqamətində hərəkət etməyi əmr edib. Zubin-Potokdakı mənbələr bildiriblər ki, Kosovo xüsusi təyinatlıları Serbiya hökumətinin müvəqqəti bələdiyyə ofisinin də yerləşdiyi bələdiyyə binasına Kosovonun dövlətçiliyini simvolizə edən mavi və sarı bayraq asmaq niyyətində olublar.
//Samir Qurbanov,Editor.az