“Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana baş tutan növbəti səfəri zamanı çox maraqlı məqamlar qeydə alındı, yeni sənədlər imzalandı. Onlar içərisində “Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının”yaradılması haqqında müqavilə də var idi ki, bu da hərkəsin diqqətini çəkdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, Özbəkistan və Azərbaycan xalqları arasında tarixi, mədəni və dini əlaqələr olub: “Biz eyni kökdən olan millətlərik. Bu baxımdan din, dil, tarix və mədəniyyətimiz eynidir. Bu da istər-istəməz bütün sahələrdə münasibətlərimizin artan xətt üzrə inkişafına imkan verir. Özbəkistan və Azərbaycan Prezidentlərinin yaxın dost, qardaş münasibətləri bu prosesləri daha da sürətləndirir. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri zamanı bu səmimi münasibətin şahidi olmuşuq. Pandemiya və sonrakı dövrdə baş vermiş qlobal problemlər iki ölkə arasında münasibətlərin daha da intensivləşməsini, çevik inkişafını zəruri etdi “.
Deputatın fikrincə, Dövlətlərarası Ali Şuranın yaranması dövlətlərarası gündəliyin zəngin olması ilə, qardaş-dost münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasının zəruriliyi səbəbindən həyata keçirilir:
“Artıq Türk Dövlətləri Təşkilatının aparıcı üzvləri olan Azərbaycan və Özbəkistan yaxın gələcəkdə bütün sahələrdə olduğu kimi strateji tərəfdaşlıq, milli təhlükəsizlik, energetik, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı olaraq boşluqların doldurulması, dövriyyənin daha da artırılması hədəflənməkdədir. Bu görüşlərdən sonra həmin hədəflərə qısa müddətdə çatacağımıza ümid edirik. 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycana açıq şəkildə dəstəyini nümayiş etdirən ölkələrdən biri də Özbəkistan idi. Torpaqlarımız işğaldan azad edildikdən sonra Özbəkistanın prezidenti Şavkat Mirziyoyevin prezident İlham Əliyevə həmin ərazilərdə təhsil müəssisələrinin tikilməsinin ölkəmizə hədiyyə edilməsi fikrinin səsləndirilməsi ölkə lideri və xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Ş.Mirziyoyevin prezident seçildikdən sonra Azərbaycana ilk rəsmi səfəri zamanı bu məktəbin də açılışının baş tutması, türk dövlətləri prezidentləri içərisində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra ikinci olaraq Qarabağa, Şərqi Zəngəzura rəsmi səfərin təşkil edilməsi, Şuşaya ziyarət edilməsi və digər məqamların dünya mediası tərəfindən izlənməsi incə mesajlardır. Bu onu deməyə imkan verir ki, Azərbaycan gücünə güc qatır “.
//Safura Bənnayeva, Editor.az