Kral Xəstəxanasının Kardiologiya Mərkəzinin alimləri müəyyən ediblər ki, antidepresanlar ani ürək ölümü riskini artırır. Üstəlik, bu həbləri beş ildən çox istifadə edənlərdə ehtimal daha da artır.
Araşdırmanın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ESC) saytında dərc edilib.
Qəfil ürək ölümü (SCD) ürək problemləri səbəbindən baş verən gözlənilməz ölümcül bir haldır. Ani kəskin simptomlar göründükdən dərhal sonra və ya bir neçə saat ərzində baş verir. 39 yaşdan aşağı insanlarda səbəb daha çox ürək əzələsinin qalınlaşması və ya orqanın elektrik fəaliyyətində problemlərdir. Yaşlılarda qəfil ürək ölümü daha çox ürək əzələsini qidalandıran damarların daralması nəticəsində baş verir.
Əvvəlki araşdırmalar göstərib ki, psixi pozğunluğu olan xəstələrdə bütün səbəblərdən ölüm riski, bütün yaş qruplarında isə qəfil ürək ölümü riski iki dəfə artır. Danimarka alimləri antidepresanların SCD inkişafında hansı rol oynadığını öyrənməyə qərar veriblər.
Tədqiqatçılar 2010-cu ildə yaşı 18-dən 90-a qədər olan Danimarka vətəndaşları arasında bütün ölüm şəhadətnamələrini və yarılma hesabatlarını araşdırıblar. Mərhuma yazılan dərmanlara xüsusi diqqət yetirilib.
Nəticələr göstərib ki, bir ildən beş ilədək antidepresan qəbul edənlərin ani infarkt keçirmə riski ümumi əhali ilə müqayisədə 56 faiz yüksəkdir. Bu dərmanların uzunmüddətli istifadəsi (beş ildən çox) ehtimalı 2,2 dəfə artırır.
Alimlər bütün yaş qruplarında (18-29 yaş) riskin artdığını açıqlayıblar. Bununla belə, ən həssas qrup 30-39 yaşlı insanlar olub. Bu alt qrupda antidepresanların qısamüddətli (beş ilədək) istifadəsi qəfil ürək ölümü riskini üç dəfə, uzunmüddətli istifadəsi isə beş dəfə artırıb.
//Gülnarə Abasova, Editor.az