Alimlər dişləri kariyesdən qorumağın sadə üsulunu açıqlayıblarbackend

Alimlər dişləri kariyesdən qorumağın sadə üsulunu açıqlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir stəkan adi su dişlərin kariyesə qarşı müdafiəsini cəmi bir saat ərzində gücləndirə bilər.

Editor.az xəbər verir ki, bu nəticəyə San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri Frontiers in Oral Health jurnalında dərc olunub.

Tədqiqatda profilaktik diş müayinəsindən keçən 5–10 yaş arası 105 uşaq iştirak edib. İlkin tüpürcək analizindən sonra uşaqlar üç qrupa bölünüb: birinci qrup 500 ml su, ikinci qrup 200 ml alma şirəsi içib, üçüncü qrup isə nəzarət qrupu kimi saxlanılıb.

Təxminən 45–60 dəqiqə sonra alimlər tüpürcək nümunələrini yenidən toplayaraq yeddi əsas göstərici üzrə təhlil aparıblar.

Nəticələrə görə, su içən uşaqlarda tüpürcəyin turşuluğu və diş minasını zədələyən fermentlərin səviyyəsi azalıb. Eyni zamanda, yerli immuniteti gücləndirən qoruyucu zülalların və immunoqlobulinlərin səviyyəsi artıb. Nə alma şirəsi, nə də heç bir içki qəbul etməmək bu effekti göstərməyib.

Mütəxəssislərin sözlərinə görə, su tüpürcəyin pH balansını normallaşdırır, ağız boşluğunun təbii müdafiə sistemini bərpa edir və osmolyarlığı azaldır — yəni tüpürcəkdəki duz, şəkər və zülal kimi maddələrin konsentrasiyasını tənzimləyir.

Araşdırma müəllifləri hesab edirlər ki, şirin içkilərin adi su ilə əvəz olunması, xüsusilə uşaqlarda diş çürüməsi və diş əti iltihabının qarşısını almaq üçün sadə, effektiv və ucuz üsul ola bilər.

//Gülnarə Abasova, Editor.az