Sauthempton Universiteti ilə Potsdam Universitetinin birgə apardığı beynəlxalq araşdırma okean vulkanlarında kontinental qaya parçalarının mövcudluğu ilə bağlı uzunmüddətli geoloji suallara yeni aydınlıq gətirib.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Geoscience jurnalında dərc olunub.
Tədqiqatçılar qitələrin alt qatlarının zamanla “soyulması” mexanizminə əsaslanan yeni izah irəli sürüblər. Məlumata görə, qitə plitələri bir-birindən ayrıldıqda mantiyanın isti üst təbəqələri ilə qarşılıqlı təsirə girərək “mantiya dalğaları” adlanan prosesləri hərəkətə gətirir.
Aparıcı müəllif Tomas Gernon bildirir ki, 150–200 kilometr dərinlikdə yavaş hərəkət edən bu qeyri-sabitliklər kontinental qabığın fraqmentlərini qoparıb onları minlərlə kilometr məsafəyə daşıya bilir.
O əlavə edib ki, okean mantiyasının bəzi bölgələrində müşahidə olunan kimyəvi “anomaliyalar” illərdir geoloqları çaşdırır. Mövcud nəzəriyyələr – subduksiya və ya mantiya şleyfləri bu kimyəvi fərqlilikləri tam şəkildə izah etmirdi.
Araşdırmanın həmmüəllifi Saşa Brun isə vurğulayıb ki, qitə sürüşməsinin təsirləri mantiyada çox uzun müddət qalıcılığını qoruyur:
“Yeni okean hövzəsi formalaşdıqdan sonra belə sistem zənginləşdirilmiş materialı daşımağa davam edir”, – deyə o qeyd edib.
Qondvana superqitəsinin parçalanması nəticəsində Hind okeanında yaranmış sualtı vulkanik silsilənin xüsusiyyətləri də bu nəzəriyyəni dəstəkləyir. Bu ərazidə mantiya şleyflərinin izlərinə rast gəlinməməsi və vulkanik aktivliyin nisbətən zəif olması təklif olunan modelə tam uyğun gəlir.
Alimlər hesab edirlər ki, aşkarlanmış mantiya dalğaları almaz daşıyan maqmanın yaranması da daxil olmaqla, planetin iri miqyaslı geoloji proseslərinin izahında mühüm rol oynaya bilər.
//Gülnarə Abasova, Editor.az

