Microsoft Klinik Tədqiqat Süni İntellekt Laboratoriyasından olan amerikalı alimlər ananın piylənməsinin qəfil körpə ölümü (SIDS) riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri JAMA Pediatrics jurnalında dərc olunub. SIDS (qəfil körpə ölümü sindromu) üçün ən çox qeyd olunan risk faktorları qarın üstə yatmaq, qısa müddətli ana südü ilə qidalanma və ananın siqaretidir. Alimlər son illər siqaret çəkən anaların sayının azaldığını, lakin piylənmə hallarının artdığını qeyd ediblər. Yeni elmi araşdırmada elm adamları bu vəziyyətlə SIDS arasında əlaqə tapmağa diqqət yetirdilər.
Microsoft-un Süni İntellekt Klinik Tədqiqat Laboratoriyasının tədqiqatçıları 2015-2019-cu illərdə ABŞ-da doğulan 18 milyona yaxın uşaq haqqında bir sıra tibbi məlumatları təhlil ediblər. Onlardan 16545-i qəfil dünyasını dəyişib. Təhlil göstərib ki, ananın çəkisi az olarsa, SIDS riski daha azdır, yüksək bədən kütləsi indeksi isə uşağın həyatının ilk ilində ölüm ehtimalının artması ilə birbaşa əlaqələndirilir. Birinci dərəcəli piylənmə zamanı SİDS ehtimalı 10%, üçüncü dərəcəli piylənmədə isə bu nisbət artıq 39% təşkil edir. Alimlər hesab edirlər ki, ümumilikdə bütün SIDS hallarının təxminən 5,4%-i ananın artıq çəkisi ilə bağlıdır.
//Gülnarə Abasova, Editor.az