Icahn School of Medicine at Mount Sinai tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, 23°C-dən (73°F) aşağı temperatur göstəriciləri daha isti hava ilə müqayisədə təxminən 20 dəfə daha çox ölüm halları ilə əlaqələndirilir.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri American Journal of Preventive Cardiology jurnalında dərc olunub.
Araşdırma çərçivəsində alimlər ABŞ-ın 819 rayonunda 25 yaşdan yuxarı şəxslər arasında qeydə alınmış 14 milyondan çox ürək-damar xəstəlikləri ilə bağlı ölüm halını təhlil ediblər. Tədqiqat 2000–2020-ci illəri əhatə edən və ölkə əhalisinin təxminən 80 faizini əks etdirən məlumatlara əsaslanıb. Alimlər ölüm statistikalarını yerli temperatur göstəriciləri ilə müqayisə edərək temperaturun “optimal” səviyyədən kənara çıxmasının ölüm riskinə təsirini qiymətləndiriblər.
Təhlil göstərib ki, ürək-damar xəstəliklərindən ən aşağı ölüm göstəricisi təxminən 23°C temperaturda müşahidə olunur. Temperatur bu səviyyədən uzaqlaşdıqca risk artır, lakin soyuq havanın təsiri isti havaya nisbətən xeyli daha güclüdür.
Alimlərin hesablamalarına görə, 23°C-dən aşağı temperatur hər il təxminən 40 min ölüm halı ilə əlaqələndirilir ki, bu da bütün ürək-damar mənşəli ölümlərin təxminən 6,3 faizini təşkil edir. Digər tərəfdən, yüksək temperatur isə ildə təxminən 2 min ölüm halı (təxminən 0,33 faiz) ilə bağlıdır.
Hesablamalara əsasən, 20 ildən artıq müddətdə bu göstəricilər təxminən 800 min soyuq hava ilə əlaqəli ölümə qarşılıq, təxminən 40 min isti hava ilə bağlı ölüm deməkdir. Ürək-damar xəstəliklərindən baş verən ölümlərin təxminən hər 16-dan biri soyuq hava ilə əlaqəli olduğu halda, hər 300-dən biri yüksək temperaturun təsiri ilə bağlıdır.
Alimlər bildirirlər ki, soyuq hava ürəyə düşən yükü müxtəlif yollarla artırır. Aşağı temperatur qan damarlarının daralmasına və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Bundan əlavə, qış aylarında insanların daha ağır fiziki fəaliyyətlə məşğul olma ehtimalı artır (məsələn, qar təmizləmə), bu da ürək xəstəliyi olan şəxslərdə infarkt və ya insult riskini yüksəldə bilər.
//Gülnarə Abasova, Editor.az

