Alimlər qadınlarda ürək xəstəliklərinin sümük sınığı riskini artırdığını müəyyən ediblərbackend

Alimlər qadınlarda ürək xəstəliklərinin sümük sınığı riskini artırdığını müəyyən ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dakı Tulane Universitetinin Tibb Fakültəsinin alimləri müəyyən ediblər ki, ürək-damar xəstəlikləri riski yüksək olan qadınlarda bud (qalça) sınığı ehtimalı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Bu vəziyyətin əsas səbəblərindən biri kimi orqanizmdə ümumi iltihab səviyyəsinin artması göstərilir.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri The Lancet Regional Health – Americas jurnalında dərc olunub.

Araşdırma çərçivəsində Amerika Ürək Assosiasiyası tərəfindən hazırlanmış və 10 və 30 il ərzində ürək-damar xəstəliklərinin yaranma ehtimalını proqnozlaşdıran PREVENT adlı hesablama alətindən istifadə edilib. Tədqiqatçılar bu vasitə ilə 21 mindən çox qadına aid məlumatları təhlil edərək ürək-damar riski səviyyələri ilə sınıq halları arasındakı əlaqəni müqayisə ediblər.

Nəticələr göstərib ki, sümük kütləsinin azalması ürək-damar sağlamlığı ilə sıx əlaqəlidir. Ürək xəstəlikləri riski ən yüksək olan qadınlarda bud sınığı ehtimalı, riski ən aşağı olanlarla müqayisədə 93% daha çoxdur. Orta səviyyəli ürək-damar riski olan iştirakçılarda isə sınıq ehtimalı təxminən 33% daha yüksək qeydə alınıb.

Bundan əlavə, yüksək ürək-damar riski olan qadınlarda sınıqlar daha erkən yaşlarda baş verir. Bu tendensiya 15 illik müşahidə müddətində özünü göstərdiyi halda, aşağı risk qrupunda olan qadınlarda analoji hal təxminən 20 ildən sonra müşahidə olunub.

Alimlər hesab edir ki, ürək və sümük sağlamlığı arasındakı əlaqə bir sıra bioloji mexanizmlərlə izah oluna bilər. Bunlara xroniki iltihab, kalsium mübadiləsinin pozulması və ateroskleroz nəticəsində sümüklərə qan axınının azalması daxildir. Menopauzadan sonra estrogen səviyyəsinin azalması da həm ürək xəstəlikləri, həm də sümük itkisi riskini artıraraq mühüm rol oynayır.

Tədqiqat müəlliflərinin fikrincə, bir çox profilaktik tədbirlər həm ürək, həm də sümük sağlamlığı üçün eyni dərəcədə faydalıdır. Müntəzəm fiziki aktivlik, kalsium və D vitamini ilə zəngin balanslı qidalanma, siqaretin tərgidilməsi və xroniki xəstəliklərin düzgün idarə olunması hər iki problemin riskini azaltmağa kömək edir.

//Gülnarə Abasova, Editor.az