Alimlər Şimali Amerikada güclü zəlzələ riski barədə xəbərdarlıq ediblərbackend

Alimlər Şimali Amerikada güclü zəlzələ riski barədə xəbərdarlıq ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın qərb sahillərində eyni vaxtda iki böyük qırılma xəttində zəlzələ baş verərsə, bu, ölkə üçün tarixi miqyasda fəlakətə çevrilə bilər.

Editor.az xəbər verir ki, New York Times qəzeti elmi məlumatlara əsaslanan hesabatında San Andreas və Kaskadiya (Cascadia) qırılmalarında eyni vaxtda hərəkətlənmə baş verəcəyi təqdirdə ABŞ-ın böyük təhlükə ilə üzləşəcəyini yazıb.

Məlumata görə, San Andreas qırığı ilə Kaskadiya subduksiya zonası Qərbi Kaliforniyada — San Fransiskodan təxminən 300 kilometr şimalda, Cape Mendocino bölgəsində birləşir. Tədqiqatçılar bildiriblər ki, Kaskadiya zonası şimala, San Andreas isə cənuba doğru uzanır.

Oreqon Dövlət Universitetinin fəxri professoru Kris Qoldfinqer (Chris Goldfinger) qeyd edib ki, əgər bu iki qırılma eyni anda sürüşsə, bu hadisə Şimali Amerika tarixində qeydə alınmış ən dağıdıcı zəlzələ ola bilər. Onun sözlərinə görə, son 2500 il ərzində baş vermiş səkkiz böyük Kaskadiya zəlzələsinin hamısı San Andreas xəttində də seysmik aktivlik yaradıb.

Coltech Seysmologiya Laboratoriyasının tədqiqatçısı Lusi Cons (Lucy Jones) isə bildirib ki, bu istiqamətdə müəyyən elmi nümunələr müşahidə olunur, lakin hələlik yekun nəticə üçün daha çox dəlilə ehtiyac var.

Xatırladaq ki, Kaliforniyada sonuncu güclü zəlzələ 1906-cı ildə, San Fransisko yaxınlığında baş verib. Təxminən 8,0 bal gücündə qeydə alınan həmin zəlzələ 700–3000 nəfərin ölümünə səbəb olub, şəhər əhalisinin yarısı — təxminən 200 min nəfər evsiz qalıb. Titrəmələr Mendosino bölgəsinədək, yəni 500 kilometrə qədər məsafədə hiss olunub.

// Gülnarə Abasova, Editor.az