Stenford Tibb Mərkəzinin (ABŞ) alimləri müəyyən ediblər ki, yaş artdıqca beynin məkan oriyentasiyasına cavabdeh olan “daxili xəritə” sistemi zəifləyir.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Communications (NatCom) jurnalında dərc olunub.
Araşdırma zamanı alimlər üç fərqli yaş qrupuna aid siçanların beyin fəaliyyətini müqayisə ediblər:
• gənc siçanlar (təxminən insanın 20 yaşı),
• orta yaşlı siçanlar (50–60 yaş),
• yaşlı siçanlar (75–90 yaş).
Mütəxəssislər beynin məkan oriyentasiyasına cavab verən medial entorinal korteks adlı bölgəsindəki şəbəkə neyronlarının fəaliyyətini öyrəniblər. Bu neyronlar canlılara ətraf mühiti “xəritələşdirməyə” kömək edir və beyin üçün bir növ GPS sistemi rolunu oynayır.
Nəticələr göstərib ki, yaş artdıqca bu neyronların fəaliyyəti sabitliyini itirir. Yaşlı siçanlar virtual mühitdə istiqaməti dəyişərkən neyron siqnalları və davranışları xaotik olub. Əvəzində gənc və orta yaşlı siçanlar məkan mükafatlarını daha tez tapıb və beyin fəaliyyətində aydın nümunələr göstəriblər.
Bununla belə, bütün yaşlı siçanlarda eyni dərəcədə azalma müşahidə olunmayıb. Bəzi yaşlı fərdlərdə neyronlar gənc heyvanlardakı kimi dəqiq fəaliyyət göstərib. Bu da fərdi genetik xüsusiyyətlərin mühüm rol oynadığını sübut edib.
Genetik analiz nəticəsində alimlər 61 gen müəyyən ediblər ki, onların aktivliyi neyron funksiyalarına birbaşa təsir göstərir. Bu genlərdən biri olan Hapln4, neyronların ətrafında qoruyucu zülal şəbəkəsi yaradaraq onların sabitliyini təmin edə bilər.
Tədqiqatçılar bildiriblər ki, yaşa bağlı yaddaş və oriyentasiya itkisi qaçılmaz proses deyil – fərdi genetik xüsusiyyətlər və beyin fəaliyyətinin səviyyəsi bu prosesi ləngidə bilər.
// Gülnarə Abasova, Editor.az

