İnsan əhalisi planetin mövcud resurs istehlakı səviyyəsi ilə davamlı şəkildə təmin edə biləcəyi həddi artıq keçib.
Editor.az xəbər verir ki, bu barədə Environmental Research Letters (ERL) jurnalında dərc olunan məqalədə qeyd olunub.
Tədqiqatda “daşıma qabiliyyəti” anlayışından istifadə edilib. Bu göstərici təbii resursları tükətmədən Yer kürəsində neçə insanın yaşaya biləcəyini müəyyən etməyə imkan verir. Alimlər hesab edirlər ki, mövcud şəraitdə optimal əhali sayı 2,5 milyardı keçməməlidir. Halbuki hazırda dünyada 8 milyarddan çox insan yaşayır ki, bu da planetin imkanları ilə real yük arasında ciddi fərq olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, əhalinin sürətli artımı əsasən fosil yanacaqlardan geniş istifadə hesabına mümkün olub. Bu isə resursların əlçatanlığını müvəqqəti olaraq artıraraq insanların daha yüksək həyat səviyyəsinə çatmasına şərait yaradıb. Lakin bu model davamlı deyil, çünki bu cür enerji mənbələrindən asılılıq iqlim dəyişikliyi də daxil olmaqla ekoloji problemləri daha da dərinləşdirir.
Alimlər hesab edirlər ki, yaxın onilliklərdə qlobal əhali artım tempi zəifləsə də, tam dayanmayacaq. Tədqiqatçılar proqnozlaşdırırlar ki, XXI əsrin ikinci yarısında dünya əhalisi pik həddə çataraq təxminən 11–12 milyard nəfər ola bilər. Əhali sayının artması ilə təbii sistemlər üzərində təzyiq də güclənəcək və bu, qlobal qeyri-sabitliyin artmasına səbəb ola bilər.
//Gülnarə Abasova, Editor.az

