Almaniya Bundestaqı 2026-cı il üçün nəzərdə tutulan və Ukraynaya 11,5 milyard avro həcmində maliyyə yardımını əhatə edən büdcə layihəsini təsdiqləyib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, büdcə layihəsinin müzakirə olunduğu komitə iclası təxminən 15 saat davam edib. Almaniya hökuməti ilkin olaraq Kiyevə 8,5 milyard avro yardım ayırmağı planlaşdırsa da, hakim koalisiya son mərhələdə əlavə 3 milyard avro vəsaitin ayrılması barədə qərar verib. Məlumata görə, bu məbləğ artilleriya sursatlarının, pilotsuz uçuş aparatlarının, zirehli transportyorların alınmasına, həmçinin iki “Patriot” hava hücumundan müdafiə sisteminin yenilənməsinə yönəldiləcək.
Almaniya Müdafiə Nazirliyi bildirib ki, sözügedən məbləğ indiyədək Ukrayna üçün büdcədə ayrılan ən böyük maliyyə dəstəyidir.
Qeyd edək ki, bir gün əvvəl Avropa İttifaqı da Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən ERA proqramı çərçivəsində son vəsaiti Ukraynaya köçürüb. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənən Dayanıqlılıq Fəaliyyəti (ERA) layihəsi Ukraynanın iqtisadi dayanıqlığını gücləndirməyi hədəfləyirdi. Donald Trampın hakimiyyətə qayıdışından sonra USAID-in fəaliyyəti dayandırılıb və agentliyin proqramları Dövlət Departamentinin idarəçiliyinə verilib.
//Gülnarə Abasova, Editor.az

