Bəzi Avropa ölkələrinin Azərbaycana qarşı qərəzli münasibəti yeni mövzu deyil. Zaman-zaman rast gəlinən haldır. Bunun ən pik həddi 44 günlük Vətən müharibəsi dövründə oldu.
Müharibənin gedişində, ondan sonrakı dövrdə özünü demokratik dəyərlərin carçısı, insan haqlarının təminatçısı, söz azadlığının qalası elan etmiş bəzi dövlətlərin maskaları yırtıldı, əsl mahiyyəti üzə çıxdı.
Bir sıra Avropa ölkələri, məşhur beynəlxalq hüquq müdafiə təşkilatları mülkü əhalinin qadağan edilmiş silahlardan açılan atəşlə öldürülməsinə, Azərbaycanın dinc şəhərlərinə gecəyarı raket zərbələrinin endirilməsinə səslərini çıxarmadılar, etiraz bildirmədilər. 2020-ci ildə müharibə gedən ərəfədə Ermənistan ərazisindən atılan raketlər Gəncə və Bərdə şəhərlərində onlarla dinc vətəndaşın – onların içində azyaşlı uşaqlar, yaşlı, xəstə insanlar, gənclər var idi – həyatına son qoydu. Ermənistanın törətdiyi müharibə cinayətləri qaldı bir kənarda, Azərbaycanı absurd məsələlərdə suçladılar.
Belə çirkin və qərəzli prosesə Fransa və Almaniya başçılıq edirdi. Almaniya mediası Azərbaycanın haqq davasında olduqca qərəzli və subyektiv mövqe tutdu. Onun bu rəftarı Azərbaycan insanında Almaniyanın gözdən düşməsinə səbəb oldu. Özünü dünyaya nümunə kimi sırıyan Almaniya işğalçının yanında – Ermənistanın tərəfində oldu. Bu gün də eyni mövqedən çıxış edir.
Almaniyanın ölkəmizə qərəzli davranışı bir çox sahələrdə özünü göstərir. Məsələn, “söyüş müxalifəti”nin əsas mənzilləndiyi ölkə Almaniyadır. Hakimiyyəti bəhanə gətirərək Azərbaycanın köklü maraqlarına qarşı açıq şəkildə çıxan, hər gün küçə ifadələri ilə insanları söyən, mənəvi-psixoloji terrora məruz qoyan xeyli sayda “mühacir” Almaniyanın müxtəlif şəhərlərində sığınacaq tapıblar. Bu adamlar rəsmi Berlinin qoruması və himayəsi altındadırlar.
Mədəni və demokratik Avropanın gerçək mahiyyəti bunda da üzə çıxır. Söyüş muzdlularına öz ərazisində “səngər” verib, onların dili ilə dövləti, ayrı-ayrı insanları söydürür. O dəstədən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir.
oktyabr 2020-ci il, Gəncə şəhəri
Almaniyanın bir başqa qərəzinə diqqət edək. Müharibədən sonra Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilmişdi. Almaniyanın Bakıdakı səfiri dəfələrlə bu səfərlərə qatılmaqdan imtina etdi. Bu davranışın özü Ermənistana, onun işğalçı siyasətinə açıq dəstək idi. Bu hal bir neçə dəfə təkrarlandı. Baxmayaraq, bununla bağlı ictimai qınaq oldu, amma Almaniyanın ölkəmizdə fəaliyyət göstərən səfiri yenə də “bildiyini babasına vermədi”.
Qarabağda erməni vandalizminin, Ermənistan ordusunun işğalçılıq fəaliyyətinin göz deşən acı mənzərəsini görməkdən imtina edən Almaniya səfirliyi ölkəmizdəki radikal siyasi təşkilatlarla, onların rəhbərləri ilə rahat görüşür. Deyilə bilər iki, o səfərlərdən imtina edən bundan öncəki səfir olub. Hazırkı səfir 10 ay öncə fəaliyyətə başlayıb. Şəxslər əsas deyil, söhbət sistemdən gedir.
“…Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemann ilə görüşdük. Azərbaycandakı ictimai-siyasi vəziyyəti, Azərbaycan-Almaniya əlaqələrinin daha da dərinləşməsini, Azərbaycanın Avropa Birliyinə inteqrasiya perspektivlərini müzakirə etdik. Ölkəmizdəki siyasi məhbus, hüquq və azadlıqların məhdudlaşdırılması problemlərini də səfir Ralf Horlemann ilə ətraflı müzakirə etdik”.
Bu, AXCP sədri Əli Kərimlinin Facebook hesabında paylaşımından sitatdır. Sual olunar ki, səfirin siyasi partiya sədri ilə görüşündə qeyri-adi nə var? Bu, onun missiyasına daxildir. O zaman əks sual veririk: bəs işğaldan azad edilən ərazilərə getməmək nədir? Bunun adına nə deyək? Humanitar fəlakətin, müharibə cinayətinin baş verdiyi ərazilərə dövlətin təşkil etdiyi səfərlərə getməmək da missiyaya daxildir? Həm də bir dəfə yox, bir neçə dəfə bu səfərdən imtina edilib.
Səfir Ralf Horlemann siyasətdə radikalizmi, inkarçılığı, qərəzliliyi və təhqiri silah edən, fərqli fikrə düşmən kəsilən, ən yolverilməz ənənələri ictimai-siyasi mühitə pərçimləyən bir siyasətçi ilə demokratiyanı, Avropa Birliyinə inteqrasiya perspektivlərini necə müzakirə edə bilər? Əli Kərimlinin sözləri ilə desək, “siyasi məhbus, hüquq və azadlıqların məhdudlaşdırılması problemlərini” hansı üzlə dartışa bilər? Avropa Birliyinə inteqrasiya perspektivləri dövlətin rəsmi qurumları, rəsmi şəxsləri ilə müzakirə edilə bilər. Bu kursu hakimiyyət müəyyən edir. Hansısa müxalifət partiyası yox. Rəsmi Bakı ilə AB-nin bütün istiqamətlər üzrə normal əməkdaşlığı olduğu halda, belə bir görüşə və müzakirəyə ehtiyac necə yarandı?
Bu o Almaniyadır ki, Türkiyəyə qarşı PKK-nı, Azərbaycana qarşı “Daşnaksütyun”u, erməni terrorizmini, işğalçılığını himayə edir. Bu o Almaniyadır ki, müharibə zamanı ərazisində yaşayan azərbaycanlını ölkəmizin əleyhinə danışdırmağa istiqamətləndirib. Alınmayanda isə müsahibəni yaymayıb, adını da belə qoyublar ki, azərbaycanlının fikirləri redaksiyanın maraqları ilə üst-üstə düşmür. Demək, soydaşımız Almaniya qəzetinə İlham Əliyevin əleyhinə müsahibə versə idi, onu manşetdən yayımlayacaqdı. Söz azadlığı, demokratiya budurmu?
Yoxsa, rəsmi Belin ölkəmizdə yeni protest elektorat yaradır? Bəlkə Almaniya səfirliyi AXCP-nin lobbiçiliyini edir? Bu radikal dəstəni ərazisində himayə etdiyi “söyüş müxalifəti” kimi himayəyə götürüb, xəbərimiz yoxdur? Demokratiya, insan haqları libasına bürünüb, Azərbaycanın daxili işlərinə müdaxilə yaxşı perspektiv vəd etmir. Həmin dövlətə baş ucalığı gətirmir. Təəssüf ki, Avropa Birliyinin iki aparıcı dövləti olan Almaniya və Fransa Azərbaycana qarşı qərəzli oyununu eyni meydançada davam etdirir.
Globalinfo.az



