Almaniya prezidenti Frank-Valter Ştaynmayer kansler Olaf Şolzun tələbi ilə parlamenti buraxıb.
Bundestaqa növbədənkənar seçkilər fevralın 23-ə təyin olunub. “Etimadsızlıq səsverməsini nəzərə alsaq, hökumət artıq səs çoxluğuna malik deyil. Müzakirələrdə fərqli tərkibli hökumət üçün çoxluq görmədim. Buna görə də mən əminəm ki, yeni seçkilər ölkəmizin rifahı üçün düzgün yol olacaq”, – Almaniya prezidenti bildirib. Ştaynmayer əlavə edib ki, çətin anlarda sabitliyin təmin edilməsi bacarıqlı hökumət və parlamentdə etibarlı çoxluq tələb edir. O, açıqlamasında Almaniyadakı iqtisadi və miqrasiya böhranlarını, Yaxın Şərq və Ukraynadakı münaqişələri, iqlim dəyişikliyini qeyd edib.
Prezident qarşıdan gələn seçkilərə başqa ölkələrdən təsir etmək cəhdlərinə də qarşı çıxıb. O, həmçinin bəyan edib ki, seçki kampaniyası zamanı hədə-qorxu və zorakılığa yol verilməyəcək.
//Samir Qurbanov, Editor.az

