Almaniya 2023-cü ilin birinci yarısında Rusiyadan gübrə alışını əvvəlki beş ilin orta səviyyəsi ilə müqayisədə 3,3 dəfə artırdı.
Editor.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. Almaniyanın yanvar-iyun ayları arasında Rusiya Federasiyasından 151,3 milyon dollara gübrə aldığı, əvvəlki 5 ilin birinci yarısında isə bu rəqəmin orta hesabla 45,5 milyon dollar olduğu bildirilib. Bunun ən azı 2008-ci ildən bəri ən yüksək göstərici olduğu bildirilir.
Rusiyadan əvvəlki rekord gübrə alışı 2016-cı ildə 105,2 milyon dollarla qeydə alınıb. Bundan əvvəl “Berliner Zeitung” qəzeti Rusiyadan qaz alışını azaldan Almaniyanın Rusiyanın kənd təsərrüfatı gübrələrindən asılı olduğunu yazmışdı.
Statistika Xidməti və Almaniya Kənd Təsərrüfatı Sənayesi Assosiasiyasının məlumatına görə, mövsümün sonunda Rusiyadan kənd təsərrüfatı üçün əvəzolunmaz olan azot gübrəsinin idxalı 334% artıb. Bildirilir ki, oxşar dinamika bütün Avropada müşahidə oluna bilər.
//Gülnarə Abasova, Editor.az