Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir. Təbii qazla bağlı təcili qərar enerji böhranından ən çox təsirlənən ölkələrdən biri Almaniyadan gəldi.
Editor.az xarici mediaya istinadən bildirir ki, Almaniya Federal İqtisadiyyat naziri Robert Habek açıqlamasında ölkənin təbii qazsız qala biləcəyini qeyd edib. Onun sözlərinə görə Almaniyada vəziyyət son dərəcə gərgindir. Almaniyanın enerji bazarını tənzimləyən agentliyin sədri Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları maksimum 2,5 ay tələbatı ödəyə bilər.
Ölkədə energetika mütəxəssisləri havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar qaz istehlakının artdığına diqqət çəkərək qazın getdikcə azaldığını vurğulayıblar. Mütəxəssislər anbarlardakı qazın yalnız mart ayının sonuna kimi kifayət edəcəyini bildiriblər.
Onu da qeyd edək ki, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi qaza görə rublla ödəməkdən imtina edən “GasTerra”ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.
//Safura Bənnayeva, Editor.az

