Almaniyada çalışan azərbaycanlı həkim: “İnsanlarımız elmi cəhətdən təsdiqlənməyən məlumatlara görə narahat olmasınlar”backend

Almaniyada çalışan azərbaycanlı həkim: “İnsanlarımız elmi cəhətdən təsdiqlənməyən məlumatlara görə narahat olmasınlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlara virusla bağlı hər hansı bir yeni xəbəri təqdim edərkən orada mütləq elmə əsaslanan fikirlər yer almalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Azərbaycanlı alim bildirib ki, bir neçə gündür yayılan xəbərlərdə koronavirusun yeni variantına tam mutasiyaya uğramış yeni “B.1.1.7 SARS CoV-2” virus adı vermək doğru deyil: “B.1.1.7 -ni insanlar virusun soyunda olan bir xətt kimi qəbul etməlidirlər. İngiltərədə də həmin bu xətdə müəyyən dəyişikliklərə rast gəlinib ki, bu dəyişikliklər son 4 həftə ərzində çoxalmağa başlayıb. Amma bu o demək deyil ki, bu yeni virus variantı 4 həftə əvvəl yeni əmələ gəlib. İngiltərə səhiyyə sistemində verilən 2-ci elmi əsaslı təqdimatda qeyd edilir ki, mutant viruslar sentyabr ayından İngiltərədə mövcud olub. Bu təqdimatı diqqətlə incələdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, virusun yeni variantı İngiltərədə öncədən də yoluxmaların üstünlük təşkil etdiyi yerlərdə çoxalıb. Bu da onu deməyə əsas verir ki, biz bilmirik, yeni virus variantının çoxalmasının səbəbi virusa xas olan yoluxma dalğasındanmı qaynaqlanır, yoxsa yeni virus variantı dalğayamı səbəb olub. Bu məsələ də elmi cəhətdən əsaslandırılmıyıb”.

Nuran Abdullayev qeyd edib ki, 1-ci nəsil peyvəndlərin funksiyasına xüsusilə də, gen texnologiyası ilə hazırlanan peyvəndlərə bu virus variantının heç bir effektiv neqativ təsiri yoxdur: “Əgər bundan sonra da virusun digər yeni varinatları vaksinlərə müəyyən formada təsir edərsə, gen texnologiyasında mümkündür ki, qısa zamanda peyvəndin istehsalında bunlar nəzərə alınsın və peyvənd öz əvvəlki effektivliyini itirməsin”.

“Daha uyğun olardı ki, Azərbaycanda da virusun bu və ya başqa tip mutant variantlarının olub-olmaması ilə bağlı məsələ vaxtında araşdırılsın və müvafiq təhlükəsizlik tədbirləri zamanında təşkil edilsin. İnsanlarımız da elmi cəhətdən təsdiqlənməyən məlumatlara görə narahat olmasınlar və elmə əsaslanan yenilikləri izləsinlər”- deyə alim əlavə edib.

\\Gülnarə Abasova, Editor.az