Almaniyada 17–45 yaş arası kişilərin uzunmüddətli xarici səfərləri üçün silahlı qüvvələrdən icazə almalarını tələb edən yeni qanun gənclər arasında ciddi narazılıq yaradıb.
Editor.az bu barədə The Independent nəşrinə istinadla xəbər verir.
Məlumata görə, hərbi xidməti modernləşdirməyi nəzərdə tutan qanun yanvarın 1-dən qüvvəyə minib. Sənəddə həmçinin üç aydan artıq müddətə xaricə getmək istəyən vətəndaşların Almaniya Silahlı Qüvvələrindən — Bundeswehr — icazə almalarını tələb edən maddə yer alır.
Nəşr yazır ki, bu tənzimləmə xüsusilə gənclər arasında ictimai narahatlıq və etirazlara səbəb olub. Qanun istər bir illik fasilə götürmək, istər xaricdə təhsil almaq, istər yeni işə başlamaq, istərsə də uzunmüddətli məzuniyyət planlaşdırmaq istəyən milyonlarla almanın planlarına təsir göstərə bilər.
“The Independent” vurğulayır ki, Almaniya hazırda hərbi potensialını artırır və Rusiyadan qaynaqlandığı iddia edilən təhdidlərə, eləcə də NATO-nun qeyri-müəyyən gələcəyinə cavab olaraq silahlı qüvvələrini genişləndirməyi planlaşdırır. Yeni qaydanın məqsədi milli fövqəladə vəziyyət və ya səfərbərlik tələb oluna biləcək müharibə şəraitində hərbi yaşda olan kişilərin hərəkətinə nəzarət etmək və lazım gəldikdə onu məhdudlaşdırmaqdır.
Aprelin əvvəlində Almaniyanın Berliner Zeitung qəzeti də bildirmişdi ki, artıq üç aydan uzun müddətə ölkə xaricinə səfər etmək istəyənlər Bundeswehr-in karyera mərkəzindən icazə almalıdırlar. Bu dəyişiklik təhsil, iş və turizm daxil olmaqla bütün səfərlərə şamil olunur.
Almaniyada fəaliyyət göstərən “Sahra Wagenknecht İttifaqı – Ağıl və Ədalət naminə” siyasi təşkilatının lideri Sahra Wagenknecht isə qeyd edib ki, qanundakı bu dəyişiklik zorakı səfərbərliyə səbəb ola bilər.
//Gülnarə Abasova, Editor.az

