Almaniyada müxtəlif tibb ocaqlarında işləyən bir qrup azərbaycanlı həkim tərəfindən FACHARZT layihəsinə start verilib. Layihəyə rəhbərlik edən lmaniya Darmştat şəhərinin dövlət xəstəxanasında Qulaq –Burun- Boğaz xəstəlikləri və Plastik cərrahiyyə şöbəsində həkim işləyən Cavid Hüseynzadə Editor.az-a bildirib ki, Almaniyada həkim kimi fəaliyyət göstərən həmyerlilərimizlə birgə müzakirələr zamanı aydın olurdu ki , hər kəs ona müraciət edən xəstələrə və bura gəlmək istəyən həkimlərə məmnuniyyətlə yardım edir:
“Bunu biz bir tələbat olaraq gördük, ayrı-ayrı şəxslər arasında olan prosesi böyük kütlələrə çatdırmaq istədik. Hər birimizin ortaq fikri ondan ibarətdir ki , biz daha çox təşkilatlanmalıyıq və daha çox insanlara faydalı olmalıyıq. Biz bunu bir azərbaycanlı olaraq özümüzə borc bilirik. Beləliklə, FACHARZT platformasını yaratmaq fikri meydana gəldi. Məqsədlərimiz çox konkret və aydındır. Biz Azərbaycanda tibb təhsili alan tələbələrə dəstək olmaq, Avropada bizim kimi təhsil almaq istəyən həmkarlarımıza kömək etmək istəyirik. Biz bu işin pioneri olaraq, xaricdə təhsilini davam etmək istəyən tələbələrə edə biləcəkləri səhvləri öncədən göstərmək, onlara ideal karyera qurmaqda kömək etmək fikrindəyik. O cümlədən xalqımız üçün maarifləndirici layihələr təşkil edərək bizə muraciət edəcək pasientlərə ən doğru şəkildə tıbbi yardımı göstərmək niyyətindəyik. Layihəmizin qısa müddət öncə başlamasına baxmayaraq, çoxsaylı müsbət rəylər alırıq və bu bizi motivasiya edərək, doğru layihəyə start verdiyimizi bizlərə birdaha təsdiq edir. Layihədə demək olar ki, tibbin bütün sahələrini əhatə edən mütəxəssislər iştirak edir.
Onu da qeyd edək ki, layihə instagram və facebook vasitəsi ilə canlı yayımlanır. İzləyicilər Layihəyə instagramda @javidhuseyn, Facebookda isə @Huseynzade Cavid profillərindən izləyə bilərlər”.
Qeyd edək ki, “Facharzt” alman dilindən tərcümədə mütəxxəssis həkim deməkdir. Facharzt rezidenturanı bitirmiş, diplomdan əvvəlki və sonrakı təhsilini tamamlamış həkimlərə deyilir. Almaniyada bu statusu almış bir çox azərbaycanlı mütəxxəssis həkimlərimiz var. Bu layihə vasitəsi ilə mütəxəsislərimizin qazandığı bilik və bacarıqları vətəndaşlarımızla paylaşmaq məqsədi daşıyır. Almaniyada mindən çox Azərbaycanlı tibb sahəsində fəaliyyət göstərir. Həkim soydaşlarımızın kütləvi gəlişi 2007-2015-ci illərdə xaricdə təhsil dövlət proqramı çərçivəsində reallaşıb. Artıq həmin həkimlər çalışdıqları xəstəxanalarda müəyyən statusa malikdirlər. Onların bir çoxları işlədiyi xəstəxananın ən yaxşı həkimləri, ən güvənilən mütəxəsisləri statusuna çatıblar. Bu çox qürurverici faktordur.
//Editor.az


