Almaniyanın Drezden şəhərində Elba çayı üzərindəki Karola körpüsündə qismən çökmə baş verib. Dəymiş ziyanı qiymətləndirmək üçün əraziyə xilasedicilər və ekspertlər göndərilib.
Editor.az xəbər verir ki, Drezden yanğınsöndürmə briqadasından verilən açıqlamada relslərin yerləşdiyi körpünün təxminən 100 metrlik hissəsinin çökdüyü, lakin can itkisi və ya xəsarət alan olmadığı bildirilib.
Sonuncu tramvayın çökməyə 10 dəqiqə qalmış körpünün üstündən keçdiyi öyrənilib. Uçulduqdan sonra körpü və ətraf yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Şəhərin istilik sistemini təmin edən borulara da ziyan dəyib. Rəsmilər körpüdə daha çox çökmələrin ola biləcəyi barədə xəbərdarlıq edib.
Körpünün dağılmasının səbəbi hələlik bəlli olmasa da, onun korroziyaya məruz qalmış ola biləcəyi bildirilir.
//Gülnarə Abasova, Editor.az