Almaniya parlamenti Sovet dövrünə aid şəxsiyyətlərin adları ilə adlandırılan yerlərin adlarının dəyişdirilməsi məsələsini müzakirə etməyə başlayıb.
Editor.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Bundestaqın Repressiya Qurbanları üzrə Komissarı Eveline Zupke, Şərqi Almaniyada Vladimir Leninin adını daşıyan küçələrin adlarının dəyişdirilməsini tələb edib. Zupke, bununla yanaşı, Otto Qrotevol və Vilhelm Piekin adlarını daşıyan küçələrin adlarının da dəyişdirilməsinin vacib olduğunu bildirib. Qrotevol, 1949-1964-cü illərdə Almaniya Demokratik Respublikasının Nazirlər Şurasının rəhbəri, Piekin isə ADR-in keçmiş prezidenti və Almaniya Sosialist Birlik Partiyasının həmtəsisçisi olub.
Zupke, “Birləşmədən otuz beş il sonra heç bir küçəyə Lenin, Otto Qrotevol və ya Vilhelm Piekin adı verilməməlidir” deyərək, həmin şəxslərin minlərlə insanın əzablarını xatırlatdığını vurğulayıb. O, həmçinin qeyd edib ki, küçələrə yalnız görkəmli şəxsiyyətlərin adlarının verilməsi daha uyğun olar.
Alman cəmiyyətində Sovet dövrünə aid yer adlarının dəyişdirilməsi məsələsi müntəzəm olaraq müzakirələrə səbəb olur. Lakin yerli hakimiyyət orqanları bu təkliflə tam razılaşmır.
//Samir Qurbanov, Editor.az

