Nasist həbs düşərgəsinin 100 yaşlı keçmiş mühafizəçisi Qreqor Formanek Almaniyada mühakimə oluna bilər.
Editor.az “Juedische Allgemeine”yə istinadən xəbər verir ki, o, 3,3 min insanın qətlində şərik olmaqda şübhəli bilinir. May ayında Hanau Regional Məhkəməsi Qreqor Formanekin səhhəti ilə əlaqədar istintaqa başlamaqdan imtina edib. Məhkəmə-tibb eksperti qərar verib ki, həmin şəxs mühakimə oluna və ya dindirilə bilməz.
Bununla belə, prokurorlar və bir neçə həm-iddiaçı qərardan apellyasiya şikayəti verib və nəticədə o, Frankfurt Ali Regional Məhkəməsi tərəfindən ləğv edilib. O, ekspertin rəyində çatışmazlıqlar aşkar edib və yenidən mühakimə olunmaq üçün Formanekin sağlamlığının yoxlanılmasını əmr edib. “Mən məhkəmənin qərarını alqışlayıram… Əgər əsas məhkəmə prosesi açılarsa, bu, sonuncu məhkəmə prosesi ola bilər”, – deyə Frankfurt baş prokuroru Thorsten Kunze bildirib.
Qeyd edək ki, Qreqor Formanek 1943-cü ilin iyulundan 1945-ci ilin fevralına qədər Zaksenhauzen konsentrasiya düşərgəsində işləyib. Bu illər ərzində düşərgədə məhbusların sayı 60 minə çatıb. Onun dövründə 100 mindən çox insan öldürülüb. 2013-cü ildən Almaniyada nasist cinayətkarlarının axtarışı kampaniyası aparılır. Ölkə qanunlarına görə, nasist cinayətlərinin müddəti yoxdur.
//Samir Qurbanov, Editor.az