Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsini Rusiyanın mümkün hücumuna hazır olmağa çağırıb.
Editor.az ZDF telekanalına istinadən xəbər verir ki, onun sözlərinə görə, belə bir ehtimal mövcud olduğu üçün Almaniya NATO-dakı müttəfiqləri ilə birlikdə silahlanır. Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Almaniya ordusunun briqadası Rusiyanın mümkün hücumu ehtimalına qarşı Litvada yerləşdirilib.
Pistorius bildirib ki, alman hərbi ekspertlərinin fikrincə, Rusiya Federasiyası bir neçə ildən sonra alyansa hücum edə biləcək. O, bunun sadəcə təxmin olduğunu, lakin Almaniyanın mövcud vaxtdan intensiv silahlanma üçün istifadə etməli olduğunu vurğulayıb. “Hazır olmaq təcavüzkara qarşı mövqe tutmaq üçün yeganə təsirli vasitədir”, – deyə nazir bildirib.
Onun fikrincə, müttəfiqlərin özlərini müdafiə etmək istədiyini və buna hazır olduqları barədə Rusiyaya siqnal göndərilməlidir. “Müharibəyə getməmək üçün necə döyüşəcəyini bilməlisiniz” – Pistorius deyib.
Yanvarın 19-da məlum olub ki, Estoniya, Latviya və Litvanın müdafiə nazirləri Rusiya və Belarusla sərhəddə müdafiə xəttinin yaradılması barədə razılığa gəliblər. Müdafiə xəttində 600 beton müdafiə qurğusu yerləşdiriləcək. Estoniya Müdafiə Nazirliyi işin dəyərini 60 milyon avro qiymətləndirir. Bundan əvvəl Almaniyanın “Bild” nəşri Almaniya Müdafiə Nazirliyinin NATO ilə Rusiya arasında mümkün müharibə ssenarisini hazırlayan sənədindən çıxarışlar dərc edib.
Materiala görə, müharibə 2025-ci ildə başlaya bilər. Almaniya Müdafiə Nazirliyi sənədin həqiqiliyini təsdiq və ya təkzib etməkdən imtina edib.
//Samir Qurbanov, Editor.az

